Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2018 18:04
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Rəyasət Heyətinin növbəti iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər barədə məlumat verib.

Tədbirdə AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevin "AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında" mövzusunda məruzəsi dinlənilib.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi məsələsi müzakirə olunub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Rəyasət Heyəti tərəfindən tədbirin bu il iyunun 8-də keçirilməsi qərara alınıb.

İclasda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması məsələsinə baxılıb. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, Genetik Ehtiyatlar İnstitutunda Yeni Nəsil Sekvenserləri (YNS) ilə təchiz olunmuş laboratoriya qurulduqdan sonra burada genom səviyyəsində tədqiqatlar sahəsində mühüm nailiyyətlər əldə olunub. Alim institutda YNS-dən istifadə etməklə bitki genetik ehtiyatlarının genotipləşdirilməsi istiqamətində dünyanın ən aparıcı elmi mərkəz və universitetlərində istifadə olunan "sekvens əsasında genotipləşdirmə" və "çoxpraymerli amplikon sekvensləmə" metodları ilə tədqiqatlara başlanıldığını, 1000-dən artıq bitki nümunəsinin genotipləşdirildiyini diqqətə çatdırıb.

Akademik Ə.Əmiraslanov vurğulayıb ki, Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən elmi tədqiqat proqramı çərçivəsində, ilk dəfə olaraq, "Azərbaycan gülöyşəsi" nar sortunun tam genomunun de-novo oxunması və altı orqanı üzrə transkriptom analizi yekunlaşdırılıb. Əldə edilən genom məlumatlarının analizi istiqamətində kompüter genomikası və bioinformatika sahəsi üzrə ABŞ, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə fəaliyyət göstərən xarici alimlərlə sıx əməkdaşlıq qurulub. Alim xaricdə yaşayan azərbaycanlı və əcnəbi alimlərlə genom tədqiqatları sahəsində aparılan birgə elmi tədqiqat işlərinin daha da gücləndirilməsi məqsədilə institutda Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılmasına ehtiyac olduğunu bildirib.

Rəyasət Heyəti qeyd olunanları və bölmənin vəsatətini nəzərə alaraq, Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin tərkibində Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul edib.

Sonra bir sıra struktur dəyişikləri müzakirəyə çıxarılıb. Rəyasət Heyəti tərəfindən Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasının və Zoologiya İnstitutunun Mingəçevir elmi-təcrübə dayaq stansiyasının yaradılması, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda qismən dəyişiklik edilməsini qərara alınıb.

Bundan başqa, tədbirdə görkəmli tibb alimi, istedadlı pedaqoq və tanınmış cərrah uroloq, professor, Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 80 illik yubileyinin qeyd olunması məsələsinə də baxılıb. Alimin çoxillik məhsuldar və səmərəli elmi fəaliyyəti, ölkəmizdə tibb elminin inkişafındakı mühüm xidmətləri nəzərə alınaraq, anadan olmasının 80 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi qərara alınıb. Qərarda yubilyarın Dövlət tərəfindən mükafatlandırılması haqqında vəsatət qaldırılması, onun "Böyrəklərdə ikitərəfli mərcanvari daşların diaqnostikası və müalicəsi" elmi əsərinin AMEA-nın 2018-ci il üzrə nəşriyyat planına salınması da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: