2018-ci il iyul ayının 5-də akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 7-ci iclası keçirilib.
İclasda şuraya sənəd təqdim edilmiş 7-si elmlər doktorluğu, 36-sı fəlsəfə doktorluğu hazırlığı olmaqla, 43 nəfərin dissertasiya mövzusu nəzərdən keçirilib.
Bunlardan elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş Sumqayıt Dövlət Universitetinin dissertantı Böyükxanım Eminlinin “Azərbaycan dilində dialoji nitqin etnokulturoloji təhlili”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı Samir Səttarovun “Azərbaycan və polyak ədəbiyyatında ölkə mövzusu və inspirasiyalar (XIX-XX əsrlər)”, Azərbaycan Dillər Universitetinin dissertantı Xuraman Əsgərovanın “Müasir alman dili leksikonunun sistemliliyi və üzvlənməsi” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.
Tədbirdə “Fransız və Azərbaycan dillərində zaman kateqoriyası”, “İngilis və Azərbaycan dillərində “inanc” konseptinin linqvokulturoloji əsasları”, “XX əsrin əvvəllərində Azərbaycan romantik poeziyasının dil və üslub məsələləri”, “Azərbaycanda internet jurnalistikasının yaranma tarixi və onun inkişaf perspektivləri”, “Müasir Cənubi Azərbaycan Poeziyasında milli-mənəvi dəyərlərin bədii inikası (1979-2019)”, “Azərbaycan və Göytürk dillərində leksik paralellər”, “Tofiq Abidinin poeziyası, nəsri və publisistikası”, “İngilis dilində şərq sözlərinin linqvo-kulturoloji aspekti” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib.
Beləliklə, iclasda 43 mövzudan 9-nun adından dəyişiklil edilməklə 21-i təsdiq edilib. 22 mövzu isə müəyyən səbəblərdən təsdiq edilməyib və müraciət edənlərə müvafiq tövsiyələr verilib.
Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar Cəlil Nağıyev, Qəzənfər Kazımov, Bilal İsmayılov, Aida Qasımova, Qulu Məhərrəmli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.