Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.07.2018 13:53
  • A-
  • A
  • A+

Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib

Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib

İyulun 17-də AMEA Mərkəzi Nəbatat Bağında dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunmuş AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar. Sərgidə yağlı boya, sulu boya, linoqravüra və kompüter qrafikası kimi fərqli texnikalarda işlənmiş müxtəlif mövzu dairəsinə malik 26 əsər nümayiş etdirilib.

Daha sonra iştirakçılar botanika elminin təbliği məqsədilə AMEA-nın Botanika İnstitutunun nəzdində yaradılmış Botanika Muzeyində olublar. Onlar muzeydə açılan “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi ilə də tanış olublar. Sərgidə qonaqlara Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma ərazilərini, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr barədə ətraflı məlumat verilib.

İştirakçılar, həmçinin Mərkəzi Nəbatat Bağının canlı kolleksiyasını da ziyarət ediblər. Bağın direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev burada canlı kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Botanika İnstitutunda təşkil olunan “Fizika və lirika” konfransını giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Tədbirin fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən alim ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən danışıb. O, konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.

Müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti konfransın həm də fənlərarası əlaqələrin inkişaf etdirilməsində körpü rolunu oynadığını qeyd edib. Bildirib ki, artıq dördüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Akademik İ.Həbibbəyli növbəti “Fizika və lirika” konfransının beynəlxalq miqyasda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə təşkil olunacağını bildirib.

Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru Habil Qurbanov konfransa töhfə olaraq hazırlanan “Qoşa qanad” kitabı barədə danışıb. Bildirib ki, Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan kitabda 48 AMEA əməkdaşının şeiri əks olunub.

Tədbirdə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov ədəbiyyat ilə fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil edib. Qeyd edib ki, həm ədəbiyyat, həm fizika gerçək dünyanı müşahidələrlə öyrənməklə, əks etdirməklə, təhlil etməklə məşğuldur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov isə çıxışında klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika və digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki və təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə məlumat verib.

“Bədii söz qədər insanları birləşdirən böyük dəyər yoxdur” – deyə bildirən alim görkəmli söz ustadlarına, qələm sahiblərinə həsr olunan tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid AMEA-nın 41 əməkdaşının təmsil etdiyi quruma üzv olduğunu qeyd edib. O, Ədəbiyyat İnstitutunun daha 2 əməkdaşına – filologiya üzrə fəlsəfə doktorları Aynurə Paşayeva və Təranə Abdullayevaya birliyin vəsiqələrini təqdim edib. R.Məcid yaradıcı quruma yeni üzv qəbul olunan gənc yazarları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Əlkimya və əlfizikadan böyük ədəbiyyata” mövzusunda çıxış edib.

Konfransda “Simvollar: ədəbiyyatda və elmdə”, “Elmi idrakla bədii təxəyyülün qovuşuq məkanında”, ”Bədii yaradıcılığın inkişaf dialektikasında təbiət elmlərinin rolu: təbiətdən ədəbiyyata”, “Astrofizika və lirika” mövzularında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: