İyulun 26-da Rəyasət Heyətində “Azərkosmos” ASC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) birgə görüşü keçirilib.
Əvvəlcə SETM-in laboratoriya müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanmasına dair təqdimatla çıxış edib. O, 2015-2016-cı illərdə təklif olunan quruluş əsasında Koreyanın NanoFab mərkəzində MSFD fotodiodların yeni nümunələrinin hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, Yaponiyanın Hamamatsu şirkətinin son model məhsulları ilə müqayisə olunan bu fotodiodlar öz üstünlüyü ilə seçilir. Fotodiodlar bir sıra xarici ölkələrin təqdiqat mərkəzləri və istehsal şirkətləri tərəfindən maraqla qarşılanıb.
Laboratoriya müdiri qeyd olunan fotodiodlar əsasında ionlaşdırıcı radiasiya detektorlarının hazırlanması zamanı zəruri hesab edilən tələbləri də diqqətə çatdırıb. O, MSFD fotodiodların tətbiq sahələri barədə məlumat verib.
Sonra təqdimata dair geniş müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcəkdə bu kimi məhsulların hazırlanması istiqamətində “Azərkosmos” ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb.
AMEA SETM-in rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev layihənin strateji önəmini vurğulayaraq, onun icrası ilə bağlı məsələləri yenidən nəzərdən keçirməyi və əsas diqqəti layihə çərçivəsində şirkətlərlə əlaqələrin qurulmasına yönəltməyin vacibliyini qeyd edib.
“Azərkosmos”ASC-nin sədri Rəşad Nəbiyev isə çıxışında qeyd olunan sahədə tədqiqatların dəstəklənməsinin zəruriliyini bildirərək, bu istiqamətdə Akademiyanın təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Radiasiya Problemləri İnstitutu və Milli Aviasiya Akademiyasının nümayəndələri də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.