13-20 avqust 2018-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində XXIV Ümumdünya Fəlsəfə Konqresi (ÜFK) keçirilib.
Dünyanın 100-dən çox ölkəsindən on minə yaxın alimin iştirak etdiyi tədbirdə Azərbaycanı Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, həmin müəssisənin Estetika şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov və AR-nın Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Tahirə Allahyarova təmsil ediblər.
Beş ildən bir keçirilən ÜFK-nin rəsmi açılışı Çin Xalq Respublikasının Parlamentində - Böyük Xalq Məclisində keçirilib.
Əsas şüarı “İnsanlığı öyrənmək” olan tədbirin keçirilməsində məqsəd bəşəriyyətin üzləşdiyi problemlərin həllində insan amilinin təhlili olub. Konqres işini çoxşaxəli problemlərin müzakirə edildiyi 92 elmi sessiya, dəyirmi masalar, “master klas” formatlı müzakirələrlə davam etdirib. Azərbaycanlı alimlər konqresin müxtəlif mövzular üzrə plenar iclaslarında, “Musiqinin fəlsəfəsi”, “Dinlərarası dialoq”, “İslam fəlsəfəsi”, “Siyasətin fəlsəfəsi”, “Qloballaşma və maraqların toqquşması” adlı sessiyalarda məruzələrlə çıxış ediblər. "Müasir dünyada etnik münaqişələr və qloballaşma" mövzusu ilə bağlı sessiyada Azərbaycan xalqına qarşı aparılan işğalçı müharibə və Xocalı soyqırımı haqda ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə konqresdə “Muğam idrak prosesinin təzahürü kimi” və “Ən yeni İslam fəlsəfəsi haqqında”, Adil Əsədov isə "Estetikanın ontoloji əsası: gözəllik reallaşdırılmış mahiyyətin ifadəçisi kimi" mövzusunda məruzə ilə çıxış edib.
ÜFK çərçivəsində təşkil edilən vacib tədbirlərdən biri də bütün dünyada nəşr edilən fəlsəfi kitab və jurnalların sərgisi olub. İlk dəfə bu sərgidə Azərbaycandan “Metafizika” fəlsəfə və fənlərarası jurnal da nümayiş etdirilib.
Bundan başqa, azərbaycanlı alimlər Çin İctimai Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda məruzəçi qismində çıxış edib, konqres iştirakçları üçün Pekin Universitetində təşkil edilən dəyirmi masada “Qloballaşma və milli təfəkkür” mövzusunda fikir mübadiləsinə qatılıblar.
Konqresə müasir dünyada baş verən problemlərdə elmi ictimaiyyətin daha məsuliyyətli və fəal olması ilə bağlı çağırışlarla yekun vurulub.
Azərbaycanlı alimlər ÜFK-nin sədri, Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının prezidenti Dermot Moran və Çin Təşkilat Komitəsinin sədrləri - Hao Ping və Lin Jianhua ilə gələcək iclaslardan birinin ölkəmizdə keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.