Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyev və türkdilli xalqların inteqrasiyası” mövzusunda elmi konfrans keçirildi
07.05.2014 00:00
  • A-
  • A
  • A+

“Heydər Əliyev və türkdilli xalqların inteqrasiyası” mövzusunda elmi konfrans keçirildi

Bu gün AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və türkdilli xalqların inteqrasiyası” mövzusunda elmi konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan institutun direktoru, professor Gövhər Baxşəliyeva qloballaşan dünyada inteqrasiya proseslərinin getdikcə daha da vüsət aldığını, ölkələrin sürətlə bir-birinə yaxınlaşdığını, hətta lokal və regional problemlərin belə əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarıldığını bildirdi: “Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil. Bu, türkdilli ölkələrə də aiddir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar apardıqlarını, demokratikləşdirmə, insan haqlarının təmin olunması və bazar iqtisadiyyatı infrastrukturunun yaradılması prosesində xeyli tərəqqiyə nail olunduğunu və bunun onların dünya birliyinə inteqrasiyasına təkan verdiyi xüsusi vurğulanmalıdır. Qədim və zəngin mədəniyyətə malik olan, bəşəriyyətə görkəmli şəxsiyyətlər bəxş etmiş türk dünyası xalqlarının bu sahədə əməkdaşlığının daha da genişləndirilməsi vacibdir”.

Türkdilli xalqların bir-birləri ilə əməkdaşlığı sahəsində əldə olunan uğurlarından danışan G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin türk dünyasının problemlərinə daim diqqət ayırdığını xüsusi vurğuladı. O, ulu öndərin türk xalqlarının birliyinin əhəmiyyəti haqqında 2001-ci ildə türkdilli dövlət başçılarının VII zirvə görüşündə söylədiyi fikirləri xatırlatdı.

G.Baxşəliyeva Türkiyə ilə münasibətlərin qurulmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı: “Ulu öndər Azərbaycanın sivil dünyaya inteqrasiyasının reallaşmasında böyük demokratik ənənəyə və regionda xüsusi çəkiyə malik olan qardaş Türkiyənin roluna daim ciddi önəm verir, ölkələrimizin uğurlarının məhz sıx əməkdaşlıqdan keçdiyini bildirirdi”.

Qeyd etdi ki, Azərbaycanın deyil, ümumən türk dünyasının nüfuzlu siyasi xadimi olan Heydər Əliyevin müstəqillikdən sonra digər türksoylu xalq və dövlətlərlə əlaqələri bərpa etməsi, ümumtürk dünyasının inteqrasiyası üçün atdığı addım və fikirlər əslində daha uzun dövrə, bu günə və eyni zamanda perspektiv strateji layihələr hesab edilməlidir. Türk dövlət başçıları və ziyalılarıyla görüşləri ilə bağlı tədbirlərdə çıxış və fikirləri bir daha onun türk dünyasına bağlı əzmkar və işıqlı lider olduğunu göstərir: ”Məhz Heydər Əliyevin türk xalqlarının inteqrasiyasına yönəlmiş böyük siyasətinin nəticəsi kimi bu xalqları birləşdirən bir sıra layihələr həyata keçirildi, qurumlar yaradıldı. TÜRKSOY, TürkPA, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası və s. bu qəbildən olan təşkilatlardır. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, İpək Yolu, TANAP, TAP və s. layihələrin həyata keçirilməsi Heydər Əliyevin zamanında atdığı böyük, uzaqgörən siyasətin məntiqi nəticəsidir”.

Daha sonra institutun Şərq-Qərb şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyevin “Heydər Əliyev və türk dünyasının qlobal iqtisadiyyata inteqrasiyası”, institutun Mərkəzi Asiya və Uzaq Şərq ölkələri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimovanın “Türk xalqlarının müasir mədəni-ədəbi əlaqələri və Heydər Əliyev” mövzusunda məruzələri dinlənildi.

Məruzələr ətrafında müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.nizamimuseum.az saytına istinad zəruridir.
  • Paylaş: