Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.09.2018 12:06
  • A-
  • A
  • A+

“Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq konfrans işə başlayıb

“Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Sentyabrın 4-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbirdə Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən olan elm adamları iştirak edirlər.

Konfransı giriş sözü ilə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq beynəlxalq tədbirin keçirilməsinin əsas məqsədinin müasir dövrdə Coğrafi İnformasiya Sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarının aşkara çıxarılması olduğunu bildirib.

Dövlət başçısı tərəfindən ölkəmizdə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi ilə bağlı müxtəlif sənədlərin imzalandığını qeyd edən alim diqqətə çatdırıb ki, bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır.

Müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edildiyini deyən F.Qədirov AMEA-da coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlərin görüldüyünü, bir sıra layihələrin həyata keçirildiyini bildirib. O, CİS texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanmasının zəruriliyini vurğulayıb.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Səlcuq Universitetinin professoru Fərrux Yıldız və digərləri çıxış edərək CİS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüb, konfransın işinə uğurlar arzulayıblar.

Daha sonra konfrans “Coğrafi informasiya sistemləri”, “Məkan verilənlərin strukturu və onların CİS-də tətbiqi”, “Məkan analizlərinin CİS-də tətbiqi”, “Ətraf mühitin monitorinqi”, “CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, “CİS-də torpaq, su və iqlimin tədqiqi”, “Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, “GPS, məsafədən zondlama və CİS”, “CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları” seksiyaları üzrə davam edib.

Sentyabrın 7-dək davam edəcək beynəlxalq tədbirdə müxtəlif mövzularda 150-dək məruzə dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: