Sentyabrın 7-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, iclasın tibbi dissertasiyaların və tədqiqat metodlarının qeydiyyatı, prioritet elmi tədqiqat istiqamətləri, eləcə də digər cari məsələlər və görüləcək işlərin müzakirəsinə həsr olunduğunu bildirib.
N.Bayramov öncə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni nizamnaməsi haqqında məlumat verib. Qurumda müxtəlif elm sahələri üzrə şuraların fəaliyyət göstərdiyini deyən alim bura tibb elminin də daxil olduğunu bildirib. Alim şuranın ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq, müxtəlif elmi strukturları birgə tədqiqatlara cəlb etmək kimi vəzifələri həyata keçirdiyini qeyd edib.
“Cari ildən etibarən problem şuralarının üzərinə qoyulan vəzifələr daha da genişləndirilib” – deyən N.Bayramov elmi-tədqiqat işlərinin vahid sistem altında qeydiyyata alınması məqsədilə saytın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə yaradılan dissertasiyaların və tədqiqat üsullarının elektron qeydiyyat bazasının əsas məqsədi tədqiqat işlərinin koordinasiyasının sadələşdirilməsi, dissertasiya mövzularının aktuallığına və elmi dəyərinə diqqətin artırılmasıdır.
Sonra şuranın elmi katibi - Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının dosenti, tibb üzrə elmlər doktoru Balakişi Hüseynov çıxış edərək tibbi dissertasiyaların 2017-2018-ci illər üzrə qeydiyyatı haqqında məlumat verib. Bildirib ki, 55-i fəlsəfə, 17-si elmlər doktorluğu üzrə olmaqla 72 dissertasiya işi qeydiyyata alınıb, 102 elmi iş isə sistemə daxil edilməyib.
Prioritet istiqamətlər və innovativ sahələr üzrə qeydiyyatdan keçmiş dissertasiyalar barədə də məlumat verən B.Hüseynov kök hüceyrə və regenerator tibb üzrə 3, genomika üzrə 9, molekulyar biologiya üzrə 12 dissertasiya işinin daxil edildiyini, tədqiqat metodlarının sayının isə 14 olduğunu qeyd edib.
Tədbirin sonunda gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Elmi-tədqiqat işlərinin həyata keçirildiyi müəssisə və təşkilatlar barədə məlumatların əldə olunması, materialların daha səmərəli şəkildə araşdırılması baxımından tədqiqat metodları üzrə məlumat-axtarış sisteminin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Müzakirələrdə Azərbaycan Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutu, Ağciyər Xəstəliklər Elmi tədqiqat İnstitutu, Cərrahiyyə Elmi Mərkəzi, Milli Onkologiya Mərkəzi və digər müəssisələrin rəhbərləri də çıxış edərək bir sıra təkliflər səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.