Sentyabrın 13-dən 18-dək "Holiday İnn" otelində AMEA-nın Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Xəzər Bölgəsinin Davamlı İnkişafı üzrə Beynəlxalq İşçi Qrupunun (IWG SDCSR) ümumi iclası və seminarları təşkil olunub.
Tədbir "Xəzər dənizi ərazisinin dayanaqlı inkişafı üçün ətraf mühit və antropogen təhlükəsizliyinin qiymətləndirilməsi" mövzusuna həsr edilib.
Seminarlarda Avstraliya, ABŞ, Türkiyə, Almaniya, İran, İtaliya, Rusiya, Koreya və digər 17 ölkədən 50 alim və mütəxəssis, Fransa və İsveçrə səfirliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF), BP Azərbaycan, "Lighthouse Geo", "Rubicon Geosystems", "Spectra", "Provitaz" Alternativ Enerji, Azərbaycan Coğrafi Cəmiyyəti, "Caspian Geomatics" və başqa qurumların nümayəndələri iştirak edib.
Tədbirin ilk günü tələbələr və gənc tədqiqatçılara "Su dövrü monitorinqi üçün peyk texnikasının ümumi təqdimatı" mövzusunda təlim kursu keçirilib. Məqsəd mövcud problemlərin həlli yollarının araşdırılması, Xəzər regionunda regional səviyyədə qərar qəbuletmə sisteminin inkişafına yardım etmək və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi olub.
5 gün davam edən iclasda elmi məruzələr dinlənilib, seminarlar, treninqlər, dəyirmi masalar təşkil olunub, müzakirələr aparılıb.
Tədbirin sonuncu günü Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov geniş məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.