Oktyabrın 9-da AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) görkəmli kimyaçı alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Vahab Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunan “Neft emalı və neft kimyasının innovativ inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
Rusiya, Ukrayna, Belarus və Misirin tanınmış alimlərinin iştirak etdiyi beynəlxalq konfransın keçirilməsində əsas məqsəd akademik Vahab Əliyevin neft kimyası və neft emalının inkişafındakı rolunu bir daha işıqlandırmaq və müasir prioritetləri müəyyənləşdirməkdir.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Vaqif Abbasov görkəmli alimin həyat və fəaliyyətindən, kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, V.Əliyev Azərbaycanda neft emalı elminin və istehsalatının ilk yaradıcılarındandır. Uzun illər NKPİ-yə rəhbərlik etmiş alimin rəhbərliyi ilə qaynar lay texnologiyasının nəzəri əsasları işlənib hazırlanıb və bir çox kimyəvi proseslərə tətbiq edilib.
Diqqətə çatdırılıb ki, V.Əliyevin elmi tədqiqatlarının nəticələri 755 elmi əsərdə, o cümlədən 5 monoqrafiya, 350 müəlliflik şəhadətnaməsi və patentdə əksini tapıb. Onun rəhbərliyi ilə 7 elmlər doktoru və 30 fəlsəfə doktoru hazırlanıb.
Müəllimi V.Əliyevlə bağlı xatirələrini bölüşən V.Abbasov onun yüksək mənəvi keyfiyyətlərindən söz açıb, mərhum akademiki səmimi və qayğıkeş insan, bacarıqlı elm təşkilatçısı kimi xarakterizə edib.
Sonra NKPİ-nin şöbə müdiri, texnika elmləri doktoru Leylufər Əliyeva akademik Vahab Əliyevin keçdiyi həyat yolu və elmi yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, respublika neft sənayesinin inkişafında əvəzedilməz xidməti olmuş V.Əliyev sənayedə tətbiq olunan bir çox orijinal proseslərin müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan alimləri dünyada ilk dəfə olaraq katalizatorun qaynar lay texnikasının nəzəri əsaslarını işləyib hazırlayıb, neft emalı sənayesi üçün böyük əhəmiyyət kəsb edən bir sıra texnoloji proseslər və təkmilləşmələri tətbiq ediblər.
Bildirilib ki, yalnız Azərbaycanda deyil, yaxın və uzaq xarici ölkələrdə də tətbiq edilən orijinal texnoloji proseslər katalizatorun qaynar layında katalitik krekinq, qaynar layda butanın butilenə dehidrogenləşməsi, neftin emala hazırlanması, karbamid məhlulunda yağ və yanacağın deparafinləşməsi prosesləri alimin rəhbərliyi altında işlənib hazırlanıb.
Daha sonra akademik V.Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx göstərilib.
Konfransda akademiklər Məhərrəm Məmmədyarov, Musa Rüstəmov və çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan elminə verdiyi töhfələrdən danışıblar.
Tədbirdə “Neft emalı və neft-kimyasının perspektiv istiqamətləri”, “Yaşıl kimya” və qaz kimyası”, “Neft kimyasında nanotexnologiyalar və perspektivli nanomateriallar”, “Oliqomerlər kimyasında innovativ sintezlər və texnologiyalar” bölmələri üzrə dörd plenar, 80 şifahi və yüz stend məruzə dinləniləcək.
Beynəlxalq konfrans oktyabrın 10-da başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.