XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri ensiklopedist alim Mir Möhsün Nəvvabdır. Bu il onun anadan olmasının 185 illiyi, ölümünün 100 illiyi tamam olur.
Nəvvab Mir Möhsün Ağamirzəzadə Qarabaği 1833-cü ildə Şuşada anadan olmuş, orada yaşayıb-yaratmış və 85 yaşında Şuşada vəfat etmişdir. Nəvvab ilk təhsilini Şuşanın ruhani məktəbində almış, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, sonralar rus dilini də mənimsəmişdir. O, Molla Abbas Sarıcəlinin mədrəsəsində oxumuş, riyaziyyat, astronomiya, kimya və digər elmlərə yiyələnmişdir. Sonralar Nəvvab təhsilini sərbəst davam etdirmiş, biliyini daim artırmış, dövrünün tanınmış ziyalılarından olmuşdur. Çoxşaxəli yaradıcılığa malik Mir Möhsün Nəvvab bir çox sahələrdə - ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq və başqalarında dərin iz qoyub getmişdir. Onun araşdırmaları, fikir və mülahizələri iyirmidən artıq əsərində öz əksini tapmışdır. O, həm də yağlı boya ilə çəkilmiş bir sıra rəsmlərin, miniatürlərin müəllifidir. Onun "Quşlar", "Güllər", "Teymurun portreti" rəsmləri xüsusilə məşhurdur.
Mir Möhsün Nəvvabın kitabları arasında musiqiyə aid "Vüzuhül-ərqam" risaləsi, "Təzkireyi-Nəvvab", "Nəsihətnamə", 1905-1906-cı illərdə erməni-müsəlman savaşına aid kitabı, "Kəşfül həqiqeyi-məsnəvi", "Kifayətül-ətfal", "Nurül-Ənvar" və başqalarını göstərmək olar.
M.Nəvvab Şuşada "Məclisi-fəramuşan (Unudulmuşların məclisi)" və "Musiqiçilər məclisi"ni yaratmışdır. Bu məclislər tək Şuşanın deyil, bütün Azərbaycan sənətinin inkişafında böyük rol oynamışlar. Nəvvab özünün çap maşınında bir çox Azərbaycan şairlərinin şeirlərini çap edib yayırdı. O vaxt Azərbaycanın şimalında Bakı və Şuşadan başqa heç bir yerdə mətbəə yox idi. Nəvvabın Şuşa şəhərinin mədəni inkişafında rolu böyük olmuşdu. O, əvvəlki ruhani məktəblərindən, mədrəsələrdən fərqli olaraq "üsuli cədid" məktəbləri açmış, bu məktəblərdə, coğrafiya, tarix, ədəbiyyat, dil dərsləri keçirilirdi. Nəvvabın özü də bu məktəblərin birində dərs deyirdi.
Məktəblərdə dinin göstərişinə görə şəkil çəkmək qadağan olduğundan Novruz bayramına 3-4 gün qalmış şagirdlərə "kətələr" deyilən, şeirlə yazılmış və qıraqları şəkillərlə bəzədilmiş, Nəvvabın əl mətbəəsində çap edilmiş vərəqlər paylanırdı. Uşaqlar "kətə" paylanan günü həsrətlə gözləyirdilər.
1903-cü ildə Nəvvab Şuşada kitabxana və qiraətxana açır. Bura müxtəlif şəhərlərdən qəzet və jurnallar gəlirdi. Qiraətxana müxtəlif illərdə "Molla Nəsrəddin", "İqbal", "Səda", "İrşad", "Şərqi-rus" və digər jurnal və qəzetləri alırdı. Yenə Bakıdan "Əkinçi", Tiflisdən "Zİya", "Kəşkül", Hindistandan "Həblül-mətin" qəzetlərini və s. alırdı.
Nəvvabın yaratdığı "Məclisi-fəramuşan" məclisinə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Əyyub Bakı, Həsənəli xan Qarabağı, Abdulla Həsən Şahid, Mirzə Xosrov və digər şairlər daxil idi. Onlar bir-birləri ilə, həm də 1872-ci ildə Şuşada yaranmış və Xurşudbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclisinin üzvləri ilə şeirləşirdilər. Nəvvab Natəvanın oğlunun ölümünə şeir də yazmışdı. "Məclisi-fəramuşan"ın üzvləri Azərbaycanın digər şəhərlərindəki məclislərlə də, o cümlədən, Şamaxıdakı "Beytüs-Səfa" (bu məclisə məşhur şair S.Ə. Şirvani rəhbərlik edirdi), Bakıdan "Məcməüş-şuara" ilə şeirləşirdilər.
"Təzkireyi-Nəvvab" antologiyasında Nəvvab yüzə qədər Qarabağ şairi haqqında məlumat vermişdir. Belə ki, Nəvvab yazdığı dibaçələrdə, yəni müqəddimələrdə Vaqif, Vidadi, Xurşidbanu Natəvan, Zakir və digər şairlər haqqında məqalələr yazmışdır.
Nəvvabın yüksək bədii zövqü var idi. Bu onun poeziyasında, kitablarının bədii tərtibatında, şəxsi evinin, işlədiyi məktəbin, Şuşanın "Böyük məscidinin" iki minarəsinin naxışlarının vurulmasında, formasında və s. özünü büruzə vermişdir.
Nəvvabın kitab sənətinin inkişafında rolu xüsusilə böyükdür. Nəvvabın "Bəhrül-həzan" kitabının 5 illüstrasiyasında verilmiş miniatürlər bədiiliyinə, rəng çalarlarına görə klassik miniatürlərdən daha çox Şəki xan sarayının frizlərini xatırladır.
Nəvvabın çoxşaxəli yaradıcılığında onun astronomiya, riyaziyyat, kimya və digər elmlərə aid görüşləri də maraq doğurur. Nəvvab özünə məxsus teleskopla planetləri, ulduzları müşahidə etmiş, hətta modelini də düzəltdirmişdi.
Çoxlu sxemdən və hərfdən ibarət "Cəfəri came-mürtəzevi" əsəri xüsusi lüğətə bənzəyir.
"Nəsihətnamə", "Kifayətül-ətfal", "Nurul-Ənvar"da onun alim və pedaqoq kimi psixoloji və etik görüşləri əks olunmuşdur.
M.M.Nəvvab elmlərə böyük əhəmiyyət verirdi. O, "Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan" - deyirdi. Nəvvab sözə, nitq mədəniyyətinə xüsusi əhəmiyyət verirdi. O deyirdi ki, "Söz yalnız o vaxt təsirli olur ki, yerində işlənsin. Cəvahir kimi gözəl kəlimatları bimövqe yerde və biviquf kəslərə demə ki, biqədir və biqiymət olsun". Nəvvab haqq, həqiqət tərəfdarı idi. O, "Güman zənni ilə heç kəsi günahkar bilib, onun təqsirinə şəhadət etmə" - deyə tövsiyə edirdi.
M.M.Nəvvabın 1905-ci ildə yazdığı "Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri" adlı son dərəcə əhəmiyyətli, bu gün ilə səsləşən və ortaya atılmış süni Dağlıq Qarabağ probleminin tarixi köklərinin öyrənilməsi üçün qiymətli mənbə olan bu əsər yalnız 1993-cü ildə, yəni yazıldığından 88 il sonra nəşr edilmişdir.
Bu kitabı oxuyarkən, Nəvvabın qələmə aldığı erməni-müsəlman davası ərzində, ermənilərin Bakıda, İrəvanda, Navçıvanda, Təbrizdə, Şuşada, Tiflisdə, Gəncədə və başqa şəhərlər, kəndlərdə azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, zülmü təsvir edən hadisələr və faktlar ilə tanış olduqda, genosidin məhz ermənilər tərəfindən həyata keçirildiyi bir daha aydın olur. Nəvvabın əsərində qeydə alınmış hadisələri oxuduqda tarixin təkrar olunduğuna, hadisələrin bu gün ilə tam səsləndiyinə əmin olursan (Xocalı faciəsi və müharibənin davamı nəzərdə tutulur).
Nəvvabın musiqi elmi və ifaçılığı sahəsində fəaliyyəti xüsusilə maraqlıdır. O, 19-cu əsrin 80-ci illərində Hacı Hüsü ilə bərabər, əvvəldə də qeyd etdiyimiz kimi, "Musiqiçilər məclisi"ni yaradır. Bu məclisdə musiqi sənətinin estetik problemləri, xanəndələrin ifa üsulu, klassik muğamlarla oxunan şeirlər və digər problemlər müzakirə olunurdu. Bu məclisə öz dövrünün məşhur xanəndələri və musiqiçiləri daxil idi. Hacı Hüsü, Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski, Sadıxcan və başqa bir çox musiqiçilər ilk təhsillərini məhz bu məclisdə almışlar.
Nəvvab musiqini inkişaf etdirmək məqsədilə İrəvanda oturan müctəhid Fazil İrəvaniyə müraciət etmiş, ondan musiqi işləri ilə əlaqədar rəsmi surətdə icazə almaq istəmişdir. O vaxt Fazil İrəvani Zaqafqaziya müsəlmanlarının dini qanun və ehkamlarını başa salan, onları şərh edən baş ruhani idi. Lakin Fazil İrəvanı çalğıya və zəngulə ilə oxumağa icazə verməmişdir. Onun cavabı belə idi: "Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil".
Nəvvab ruhani qardaşlarına bildirir ki, musiqi elmi ilə qüdrətli və bacarıqlı alimlər məşğul olmuşlar. Bütün dövrlərdə, əsrlərdə onlar elmin ləzzətini dünyanın cəmi ləzzətindən artıq hesab etmişlər. O qeyd edir ki, bu risaləni yəni "Vüzuhül-ərqam"ı yazmaqda bizim də elmiyyədən savayı bir niyyətimiz yoxdur. Nəvvabın yaşadığı dövrü, dini ehkamların sürdüyü tələbləri nəzərə alsaq onun bu fikrinin müasirliyi və mütərəqqiliyi tam aydın olur.
M.M.Nəvvabın müasiri böyük dramaturq M.F.Axundovun artıq xrestomatik olan sözlərini yada salaq: "Nəğamat çalma, haramdır, nəğamata qulaq asma haramdır, nəğamat öyrənmə, haramdır, teatr, yəni tamaşaxana qayırma, haramdır, teatra getmə, haramdır, rəqs etmə məkruhdur, rəqsə tamaşa etmə, məkruhdur, saz çalma, haramdır, saza qulaq asma, haramdır, şərtrənc oynama, haramdır, nərd oynama, haramdır, rəsm çəkmə, haramdır, evdə heykəl saxlama, haramdır".
Belə bir "haramlıq" mühitində M.M.Nəvvabın millətin geri qalması barədə təəssüflə dediyi aşağıdakı sözlər necə də təbii səslənir: "Cəmi millətlər qəribə olan elmlər və əcaba olan sənətlər ixtira etməklə tərəqqeyi-tam tapıb, özlərini məqam rüfətə yetiriblər. Amma bizim millətimiz o elmlər ki, onların əlindədir, bitamam tərk etməklə mədəniyyət aləmindən uzaqlaşıb və millətlərdən geri qalıblar və elmlər bilmərrə mündəriş olub xatirələrdən məhv və fəramuş olub".
Nəvvab "Vüzuhül-ərqam" (Rəqəmlərin izahı) risaləsini 1884-cü ildə Şuşada yaradıcılığının ən kamil dövründə yazmışdır. Risalə yalnız 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. İkinci dəfə isə risalə 1989-cu ildə Bakıda ön söz, lüğət və şərhlərlə "Elm" nəşriyyatında mənim tərəfimdən çapa hazırlanmışdır. 1983-cü ildə Səmərqənd şəhərində keçirilən ikinci Beynəlxalq musiqişünaslıq simpoziumunda mən "Mir Möhsün Nəvvab və onun "Vüzuhül-ərqam" risaləsi" adlı məruzə ilə çıxış etmişdim. Məni tarda görkəmli tarzən Bəhram Mənsurov Nəvvabın risalədə verdiyi cədvələ əsasən müşayiət edirdi. "Vüzuhül-ərqam" Azərbaycan musiqisi barədə Azərbaycan dilində köhnə əlifba ilə yazılmış və nəşr olunmuş yeganə risalə idi (Risalədə fars və ərəb dillərində yazılmış parçalar da vardır). Qeyd etmək lazımdır ki, Şərqdə risalələrin az yazılan bir dövründə Şuşada belə bir əsərin yaranması xüsusi maraq doğurur və əhəmiyyətlidir. Ü.Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları" tədqiqatında Azərbaycanın məşhur musiqişünasları Səfiyəddin Urməvi və Əbdülqadir Marağaidən sonra Nəvvabın adını çəkmiş və onun "Vüzuhül-ərqam" risaləsində Yaxın Şərq xalqlarının qədim musiqisindən bəhs olunduğunu qeyd etmişdir.
"Vüzuhül-ərqam" risaləsində musiqinin əmələ gəlməsi, onun təbabətlə əlaqəsi, şeirlə muğamın bağlılığı, estetika məsələləri, səsin akustikası, dəstgahların tərkibi, muğamlarda rəqəmlərin izahı kimi məsələlər, o cümlədən, muğamların adları, musiqi alətləri haqqında məlumat verilmişdir. Nəvvab risalədə orta əsr traktatlarında geniş işıqlandırılmış bəzi məsələlərə toxunmamışdır. Onun əsərinin əsas istiqaməti praktiki məqsəd daşımışdır. Bu da əsasən orta əsrlərdən sonra yazılmış risalələr üçün xas idi. Bu risalələr muğamların öyrənilməsi üçün kütləvi dərslik kimi də nəzərdə tutulmuşdur.
M.M.Nəvvabın "Vüzuhül-ərqam" risaləsinin ən böyük və əsas hissəsi muğamlar və onların quruluşu haqqındadır. Risalənin bu hissəsində muğamlarla əlaqədar rəqəmlər verilir və onların mənası aydınlaşdırılır. "Vüzuhül-ərqam" ərəbcədən tərcümədə rəqəmlərin izahı deməkdir. Nə üçün müəllif risaləni belə adlandırmışdı? Məhz ona görə ki, əsrlər boyu musiqi riyaziyyat elmi ilə sıx əlaqədə olmuş, inkişaf etmişdir. Əgər biz orta əsr risalələrinə müraciət etsək, buna tam əmin ola bilərik. Risalədə Nəvvab muğamla əlaqədar 4, 7, 12, 24, 48 rəqəmlərini izah edərək yazırdı ki, 4 sout, yəni səs, 7 pərdə, 12 məqam, 24 şöbə, 48 guşə, 15 avaz var, onlardan bəzisi zil, bəzisi bəmdir. (Qeyd edək ki, Nəvvabda avazların sayı ümum Şərq musiqi elmində qəbul olunmuş 6 əvəzinə 15 göstərilmişdir)
Risalənin qiymətli hissələrindən biri muğam dəstgahlarının quruluşu haqqında olan bölmədir. Nəvvab ilk dəfə olaraq altı muğam dəstgahın (Rast, Mahur, Şahnaz, Rəhavi, Çahargah, Nəva) quruluşunun, hansı şöbələrdən ibarət olmasını göstərmişdir. Qeyd etmək lazımdır ki, Nəvvab elmi ədəbiyyatda muğam dəstgahı terminini və anlayışı barədə məlumat verən ilk müəlliflərdəndir.
Risalədə Nəvvab elmi əhəmiyyəti olan 5 cədvəl də təqdim etmişdir. Muğamların emosional təsiri ilə əlaqədar, Nəvvab muğam ifaçılığının vacib məsələsi olan musiqinin poetik mətn, şeirlərlə əlaqəsi məsələsinə toxunmuş və ifa vaxtı münasib şeirlərin seçilməsini xüsusi qeyd etmişdir. O yazırdı: "Amma təğənni vaxtı lazımdır ki, münasib şeirlər oxumaq, tainki məcazlara təsir edib baisi şövq və zövq və ya hüzn və ələm ola". Nəvvabrisalədə musiqinin və muğamların insan təbiətinə təsiri barədə belə yazır: "mülayim təbiətlərdə həqiqi nəğmə od çaxmaq daşında gizləndiyi kimidir. Çaxmaq daşa vurulduqda od çıxdığı kimi, qəlblərdə gizlənilən sirlər, şadlıq və ağlamaq da nəğamət ilə aşkar olur". Bu obrazlı müqayisə ərəb dilində verilmişdir.
"Vüzuhül-ərqam" risaləsində qaldırılan məsələlər maraqlı və qiymətlidir. Müəllif bu məsələləri bəzən dini haşiyəyə alır. Bu da Nəvvaba əsas niyyətinə, məqsədinə nail olmaq üçün lazım olan bir vasitə idi. Onun əsas məqsədi isə özünün qeyd etdiyi kimi, millətinin, xalqının savadlanması və musiqi elminin inkişafı idi. Bu xüsusiyyət ümumiyyətlə, XIX əsrin qabaqcıl, maarifpərvər şəxslərinə xas idi. Nəvvab da bu şəxslərdən biri idi. M.M.Nəvvab əsərlərinin birində yazmışdı: “Mən nə yazdımsa doğruluq və həqiqət üçün yazdım, öz nəfsim üçün yazmadım".
Bu yubiley ilində arzumuz budur ki, Şuşa tezliklə özümüzə qaytarılsın və onun mədəni inkişafında böyük rolu olmuş Mir Möhsün Nəvvabın xatirəsi əbədiləşdirilsin.
Zemfira Səfərova, akademik, Əməkdar elm xadimi