Oktyabrın 26-da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Misir Ərəb Respublikasının bir qrup ictimai xadimi ilə görüş keçirilib.
Görüşdə Misir parlamentinin nümayəndələr palatasının sədr müavini əl-Sayed Mahmud əl-Şərif, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Usama əl-Abd və Misirin Qalyubiyyə vilayətinin qubernatoru Aləm iştirak ediblər. Qonaqları Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşayiət edib.
Əvvəlcə qonaqlar Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Şərqşünaslıq İnstitutunun direktoru, həmçinin ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan danışıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu bildirib.
Görüşdən məmnun qaldıqlarını söyləyən misirli nümayəndələr iki ölkə arasındakı münasibətlərdən söz açıblar.
Sonra qonaqlar Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüblər. Əl-Sayed Mahmud əl-Şərif Misirdə Azərbaycana böyük rəğbət olduğunu deyib, alimlərin qarşılıqlı səfərlərinin hər iki tərəfə böyük fayda verdiyini söyləyib. Usama əl-Abd ölkələrimiz arasında əlaqə körpülərinin birinin də elm olduğunu qeyd edib.
Akademik Gövhər Baxşəliyevaya Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun təsisində və fəaliyyətindəki xidmətlərinə görə təşəkkürünü bildirən qonaq, Misir Prezidentinin iki ölkəni təkcə dost deyil, qardaş ölkə adlandırdığını deyib.
Azərbaycanda böyük inkişaf gördüyünü deyən Misirin Qalyubiyyə vilayətinin qubernatoru Aləm ölkələr arasında əlaqələrdən danışıb və rəhbərlik etdiyi vilayətdə ulu öndər Heydər Əliyevin abidəsinin olduğunu qeyd edib.
Çıxış edənlər fəaliyyət göstərdikləri şöbələrdə ərəbşünaslıq sahəsində aparılan elmi tədqiqatlardan söz açıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.