Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.11.2018 15:40
  • A-
  • A
  • A+

AMEA-da “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçirilib

AMEA-da “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçirilib

AMEA-nın Əsas binasında Folklor və Ədəbiyyat institutlarının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan “Folklor və dövlətçilik” mövzusunda III respublika elmi konfransı keçirilib.

Konfransı Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq tədbirin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. O, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində yeni - demokratik respublika mərhələsinin başlanğıcı olduğunu söyləyib. Qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərən AXC-nin rəhbərliyinin diqqət yetirdiyi başlıca məsələlərdən biri də milli mədəniyyətin yaranması və qorunub saxlanması olub.

M.İmanov qısa zamanda bu istiqamətdə önəmli işlərin görüldüyünü, Novruz bayramının ölkə miqyasında qeyd olunduğunu, milli musiqilərimizin ifa edildiyi "Türk gecələri" adlı konsert proqramlarının təşkil edildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkə başçısının sözügedən Sərəncamından irəli gələrək akademiyada 20-dən artıq tədbirin keçirildiyini bildirib. O, növbəti ay AMEA-nın Humanitarİctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə AXC-nin 100 illiyinə həsr olunan yekun konfransın keçiriləcəyi barədə iştirakçılara məlumat verib.

Konfransın mövzusuna toxunan İ.Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini deyib. Qeyd edib ki, "Kitabi Dədə Qorqud", o cümlədən "Koroğlu" dastanlarında dövlətin bütün zəruri atributlarını tapmaq mümkündür. Akademik milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadılmasının AXC-nin yaranması üçün zəruri mənəvi əsas formalaşdırdığını bildirib.

AMEA-nın vitse-prezidenti respublikada milli-mənəvi dəyərlərin, o cümlədən azərbaycançılıq və milli dövlətçilik ideyalarının elm və ədəbiyyatda təzahürü istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Tədbirdə, həmçinin Folklor İnstitutunun aparıcı elmi işçisi, fil.ü.e.d. İslam Sadıqın "Dədə Qorqudda dövlət, onun quruluşu və idarə edilməsi", Ədəbiyyat İnstitutunun şöbə müdiri, fil.ü.e.d., professor Tahirə Məmmədin "Meydan tamaşalarında dövlət idarəçilik sistemi ilə bağlı motiv və elementlər" və həmin müəssisənin aparıcı elmi işçisi, fil.ü.e.d., professor Pərvanə Bəkirqızının "Milli kimliyimizə və dövlətçiliyimizə yönələn erməni təcavüzünün bədii mətndə folklor motivləri ilə ifadəsi (Mövlud Süleymanlının "Erməni adındakı hərflər" romanı, "Teymurlar" povesti əsasında)" mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. İclaslarda folklorda dövlətçilik ənənələrinin təzahürü, folklorda milli dövlətçilik etiketləri, milli bayramlar, folklorda etnosun total davranış formulu və özünütəşkiletmə modelləri, folklor və qanunvericilik və s. məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: