Bu gün AMEA Rəyasət Heyətində Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə iki qurum arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivlərinə dair müzakirələr aparılıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq, rəhbərlik etdiyi elm ocağında BMT-dən olan nümayəndələri görməkdən məmnun olduğunu ifadə edib.
Alim cari il noyabrın 3 və 4-də Göyçayda keçirilən XIII Nar festivalı, eləcə də, rəhbərlik etdiyi qurumda nar bitkisinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar haqqında məlumat verib.
AMEA rəhbəri ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirdiyini, imzaladığı mühüm fərman və sərəncamlarla bu sahənin inkişafına dəstək verdiyini diqqətə çatdırıb. Bildirib ki, akademiya dövlət başçısının aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində fəal iştirak edir, müxtəlif layihələri uğurla reallaşdırır.
BMT-nin yaratdığı imkanlardan səmərəli istifadə edərək Azərbaycanda da müvafiq elm sahələrinin inkişafına nail olmağın vacibliyini qeyd edən akademik A.Əlizadə bu yöndə birgə əməkdaşlığın mühüm rolu olduğunu vurğulayıb. Bildirib ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin BMT-nin təşkil etdiyi qrant layihələrdə fəal iştirakı həm də ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına təkan verəcək.
A.Əlizadə MDB ölkələrinin elmlər akademiyaları arasında ilk dəfə olaraq AMEA-da Yüksək Texnologiyalar Parkının (YTP) yaradıldığını diqqətə çatdıraraq, bu texnoparkın fəaliyyət istiqamətləri barədə danışıb. Qeyd edib ki, YTP müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Alim nümayəndə heyətini YTP-də həyata keçirilən layihələr və onun infrastrukturu ilə yaxından tanış olmağa dəvət edib.
Akademik A.Əlizadə AMEA-da yaradılması nəzərdə tutulan, respublika miqyaslı Analitik Mərkəz haqqında da məlumat verib. Alimin sözlərinə görə, bu birləşmiş mərkəz bir çox elm sahələri, eləcə də dövlət qurumlarını əhatə edəcək. Hazırda Azərbaycan-BMT münasibətlərinin yeni mərhələdə olduğunu deyən AMEA rəhbəri bu nüfuzlu qurumun köməyilə Analitik Mərkəzin sürətli inkişafına nail olmağın mümkünlüyünü ifadə edib.
Sonra AMEA prezidenti Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında imzaladığı Konvensiyadan danışıb. Bildirib ki, əsas məqsəd bu dənizin imkanlarını, orada baş verən ekoloji dəyişiklikləri, antropogen təsirləri və s. öyrənmək, zəruri tədbirləri birgə həyata keçirməkdir.
Akademik A.Əlizadə ətraf mühit və biomüxtəlifliyin qorunması, yüksək texnologiyaların inkişafının AMEA-da prioritet istiqamətləri təşkil etdiyini nəzərə çatdırıb. O, BMT-dən olan nümayəndələrə rəhbərlik etdiyi qurumun ayrı-ayrı institut və təşkilatları ilə yaxından tanış olmağı, bundan sonra isə konkret əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və anlaşma memorandumunun imzalanmasını təklif edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təmsil etdiyi qurum ilə ölkəmiz arasında bir sıra layihələrin uğurla icra olunduğunu bildirib. Bu kimi innovativ layihələrin reallaşdırılmasında BMT-nin hərtərəfli dəstəyini xüsusi qeyd edib.
Q.İshaqzai Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını deyib. Bildirib ki, Azərbaycan Hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Milli Əlaqələndirmə Şurasına sədr təyin olunub. O, Milli Əlaqələndirmə Şurasının qısa vaxt ərzində bir çox mühüm tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycanın 2015-ci ildə bu layihəyə qoşulduğunu deyən qonaq onun 2030-cu ilə qədər davam edəcəyini bildirib.
BMT-nin nümayəndəsi AMEA-da dünya elminin çağırışlarına cavab verən pilot layihələrin həyata keçirilməsinin, birgə əməkdaşlıq çərçivəsində kadr və təcrübə mübadiləsinin aparılmasının, ölkə elminin təbliğinin məqsədəuyğun olduğunu vurğulayıb.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev də çıxış edərək rəhbərlik etdiyi qurumda informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlardan danışıb. Qeyd edib ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır.
Akademik Q.İshaqzaini nümayəndə heyəti ilə birgə rəhbərlik etdiyi institut və onun əsas fəaliyyət istiqamətləri ilə tanış olmağa dəvət edib.
Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov öz çıxışında BMT ilə elmi əlaqələrin inkişafını yüksək qiymətləndirib, bu əməkdaşlığın Genetik Ehtiyatlar, Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının və bütövlükdə AMEA-nın gələcək fəaliyyətinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov BMT ilə qlobal elmi layihələrin icrasının əhəmiyyətini önə çəkib. Fizioloji, kimyəvi, biomüxtəlifliyin qorunması, aqrar, qida təhlükəsizliyi və digər istiqamətlərdə əməkdaşlığın vacibliyindən danışıb.
Görüşdə, həmçinin ətraf mühit, davamlı inkişaf və digər məsələlərə dair müzakirələr aparılıb, elmi əlaqələrin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.