İyunun 4-də AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həbs olunduğu günə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq bildirib ki, 1937-ci il 4 iyun gecəsində Sovet cəza orqanları Hüseyn Cavidin yaşadığı mənzilə basqın edərək onu həbs etmiş, eləcə də evdə axtarış apararaq Cavidin əsərlərinin çoxunu məhv etmişlər. Cavid əfəndi və onun ailəsi üçün faciələrin başlanğıcı olan həmin gün təkcə bu ailənin yox, bütövlükdə millətimizin yaddaşında dərin izlər buraxmışdır.
G.Babaxanlı qeyd edib ki, 4 iyun gecəsi təkcə “Azər” poeması yarımçıq qalmamış, Azərbaycan ədəbiyyatının neçə-neçə yazılmamış inciləri Cavid əfəndi ilə bərabər əbədiyyətə qovuşmuşdur.
Qeyd edək ki, anım günü münasibətilə Hüseyn Cavidin Ev Muzeyində 2 gün “Açıq qapı” günü elan olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.