AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.
Akademiyanın Əsas binasında baş tutan tədbirdə elmi müəssisə və təşkilatların veteran şuralarının sədrləri iştirak ediblər.
Əvvəlcə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun veteranlar şurasının sədri olmuş Paşa Zamanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclası şuranın sədri Eldar Quliyev açaraq BVŞ-nin 2018-ci ildə gördüyü işlərə dair çıxış edib. O, şuranın öz fəaliyyətini 28 iyun 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunan "Veteranlar Haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən tənzimlədiyini deyib. Bildirib ki, sözügedən sənəd veteranların sosial və hüquqi müdafiəsinin təmin edilməsinə, yaşayış sahəsi ilə təminatına, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinə, ictimai faydalı fəaliyyətdə iştirakına imkan verir.
E.Quliyev qanunda göstərilənləri rəhbər tutaraq, cari ildə AMEA BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə Tədbirlər Planının hazırlandığını və icra olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, 2018-ci ildə BVŞ-nin seçki iclası keçirilib, yeni sədr və sədr müavini, eləcə də şura üzvləri seçilib.
Hazırda akademiyada 1633 veteranın çalışdığını deyən E.Quliyev onlardan 29-nun akademik, 37-sinin AMEA-nın müxbir üzvü, 224-nün elmlər, 553 nəfərinin isə fəlsəfə doktoru olduğunu vurğulayıb. Bundan əlavə, AMEA-da 1 nəfər Böyük Vətən Müharibəsi, 16 nəfər Əfqanıstan müharibəsi və 4 nəfər Silahlı Qüvvələr veteranının çalışdığını söyləyib.
BVŞ sədri bildirib ki, hesabat ilində 52 veterana birdəfəlik müavinət ödənilib, 24 veterana yemək güzəşti edilib, 47 veteran isə tibbi sanatoriyalara göndərilib. 2018-ci ildə "Əmək veteranı" adı və vəsiqəsini almaq üçün elmi müəssisə və təşkilatlardan BVŞ-yə 123 sənədin daxil olduğunu deyən E.Quliyev bunlardan 88 əməkdaşa müsbət cavabın verildiyini diqqətə çatdırıb.
Eyni zamanda AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan gənc əməkdaşlarla tərbiyəvi söhbətlərin aparılması və onlarda vətənpərvərlik ruhunun aşılanması və güclənməsi istiqamətində işlərin görüldüyünü bildirib.
Şura sədri BVŞ-nin akademiya prezidenti, akademik Akif Əlizadənin "AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan aztəminatlı veteranlara birdəfəlik müavinət, yeməkxanada nahar yeməyindən güzəştli istifadə və sanatoriyalarda birinci növbədə istirahət və müalicə almaq üçün yardım edilməsi haqqında" sərəncamına uyğun olaraq, 2019-cu ildə də zəruri tədbirlər həyata keçirəcəyini söyləyib.
E.Quliyev daha sonra müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının siyahılarının yenilənməsi barədə elmi müəssisə və təşkilatların veteran şuralarının sədrlərinə göstəriş verib.
İclasda AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi, BVŞ sədrinin müavini Zülfüqar Fərzəliyev çıxış edərək "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları" haqqında məlumat verib, veteranların suallarını cavablandırıb.
İclasda, həmçinin Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Prosesləri və Coğrafiya institutlarının veteranlar şuralarının sədrləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.