Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Əli Nuriyevin 90 illik yubileyi qeyd olunub
03.01.2019 09:43
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əli Nuriyevin 90 illik yubileyi qeyd olunub

Qeyri-üzvi kimyanın nadir, səpələnmiş və radioaktiv elementlər kimyası sahəsində tanınmış mütəxəssisi, Dövlət mükafatı laureatı, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Əli Nuriyevin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda baş tutan tədbiri AMEA-nın vitse-prezidenti, bu müəssisənin direktoru, akademik Dilqəm Tağıyev açaraq Ə.Nuriyevin elmi fəaliyyətindən danışıb. Bildirib ki, alimin əsas elmi isti­qaməti neft–su–süxur üçlü heterogen sistem­lərində mikroelementlərin pay­lanmasının qanu­na­uyğunluqlarının aşkar edil­məsi və onların mineral neft-lay və dəniz su­larından sorbsiyası mexanizminin öyrənil­mə­sin­dən ibarətdir.

D.Tağıyev diqqətə çatdırıb ki, Ə.Nuriyev ilk dəfə olaraq Azərbaycanın bütün neft mənbələrində neft-lay suları­ və süxur sis­te­mində nadir və radioaktiv elementlərin paylanmasını öyrənib, onların miqrasiya, səpələnmə və toplanmasının qanu­nauy­ğunluqlarını müəy­yənləşdirib. Həmçinin sübut edib ki, neft-lay suları və süxur sistemi mik­ro­elementlər üçün xa­rakterik olan kinetik əlaqəni və miqdari nisbəti pozaraq onların yenidən paylanmasına şərait ya­radan spesifik mühitdir.

Ə.Nuriyevin rəhbərliyi ilə Darı­dağ (Nax­çıvan MR) termal mineral suyundan xalq təsər­rüfatında geniş istifadə olunan karbon qazının alınması texnologiyasının hazırlandığını deyən D.Tağıyev alimin bu tədqiqatının Naxçıvan mineral sularının qazlaşdırılmasında istifadə edildiyini söyləyib. Eyni zamanda alimin rəhbərliyi ilə Neftçala yod-brom zavodunun tullantı suyundan elektrolizlə yeyinti sənayesi üçün yararlı olan xörək du­zu­nun alınması texnologiyasının hazır­landığını, tədqiqat işinin İranda Urmiya gölündən xörək duzunun is­tehsal olunmasında tətbiq olunduğunu vurğulayıb.

Akademik qeyd edib ki, Ə.Nuriyevin apardığı tədqi­qatların nəticəsi 3 monoqrafiya, 306 elmi əsər, o cümlədən 16 müəlliflik şəhadət­na­məsi və 3 patentdə öz əksini tapıb. Onun rəhbərliyi ilə 14 fəlsəfə, 3 elmlər doktoru müdafiə edib.

Sonra AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev çıxış edərək alimlə bağlı fikirlərini bölüşüb, ona bölmənin fəxri fərmanını təqdim edib.

Daha sonra Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ələddin Abbasov Əli Nuriyevin həyatı və elmi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Neft–Kimya Prosesləri İnstitutunun direktor müavini, professor Hikmət İbrahimov, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev, akademik Ağadadaş Əliyev, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professorları - Arif Əfəndiİxtiyar Bəxtiyarlı, k.ü.f.d. Esmira Quluzadə, k.ü.e.d. Elza Salahova və digərləri çıxış edərək alimi yubileyi münasibətilə təbrik ediblər.

Sonda Ə.Nuriyev tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: