Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.01.2019 16:41
  • A-
  • A
  • A+

Görkəmli epiqraf alim Məşədixanım Nemətovanın 95 illik yubileyi qeyd olunub

Görkəmli epiqraf alim Məşədixanım Nemətovanın 95 illik yubileyi qeyd olunub

Milli Azərbaycan Tarixi Muzeyində görkəmli epiqraf alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın 95 illik yubileyinə həsr olunan "Əsrin daş yaddaşında mənim də sözüm qaldı" mövzusunda anım tədbiri keçirilib.

Tədbir çərçivəsində M.Nemətovanın əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.

Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq M.Nemətovanın 60 illik elmi fəaliyyəti dövründə Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq saldığını bildirib, onun elmi yaradıcılığından danışıb. Qeyd edib ki, alim iqtisadi-siyasi, so­sial-mədəni, me­mar­lıq, sənətşünaslıq, fi­lologiya, İslam fəl­səfəsi və digər istiqamətlərə dair 2500-dən artıq epiqrafik abidəni tədqiq edərək Azərbaycanın tarixşü­naslıq bazasını zən­ginləşdirib.

N.Vəlixanlı görkəmli alimin Qərbi Azərbaycan, Dağıstan və Gürcüstanda mədəniyyətimizə aid ərəb qra­fi­ka­sı­nın çətin oxunan kufi kitabələrini araşdırıb oxu­duğunu və onların tarixi əhəmiyyətini müəy­yən­ləşdirdiyini deyib. Diqqətə çatdırıb ki, o, Zəngə­zur, Laçın və Kəlbəcərdəki qəbiristanlıqlarda aşkar etdiyi XIV-XIX əsrlərə aid məzar daşlarındakı tamqaların, şamanların təs­virləri əsa­sın­da Cənubi Qafqazda türk tayfalarının ya­yıl­ma arealını müəyyənləşdirib. Bundan əlavə, Zəngəzurun Urud abidələrinə əsasən, azər­baycanlıların Cənubi Qafqa­zın aborigen xal­qı kimi alban mədəni irsinin varisi ol­duğunu sübuta yetirib.

Muzey direktoru, həmçinin alimin çoxillik tədqiqatları nəticəsində aşkar olunmuş epiqrafik abidələrin Azərbaycan tarixinin müxtəlif konseptual problemlərinin tədqiqində mühüm rol oynadığını söyləyib. Bildirib ki, M.Nemətovanın elmi fəaliyyəti 12-dən ar­tıq monoqrafiya, 200 elmi məqalə, o cüm­lə­dən 6 cildlik “Azərbaycanın epiqrafik abi­də­lə­rinin toplu­su” əsərində əksini tapıb.

Daha sonra muzeyin direktor müavini, t.ü.f.d., dosent Həbibə Əliyeva "Əsrin daş yaddaşında mənim də sözüm qaldı" mövzusunda təqdimatla çıxış edib.

İclasda, həmçinin AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.ü.e.d. Maisə Rəhimova, muzeyin şöbə müdiri, t.ü.e.d. Əli Rəcəbli, t.ü.e.d., professor Şahin Fərzəlibəyov, Bayraq Muzeyinin direktoru, t.ü.f.d. Könül İmamverdiyeva və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, Azərbaycanda epiqrafika elminin inkişafındakı xidmətlərindən danışıblar.

Sonra M.Nemətovanın qızı, t.ü.e.d. Vəfa Quliyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Sonda alimin xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: