Yanvarın 31-də AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) büro iclası keçirilib.
Rəyasət Heyətində baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, KEB-in akademik-katibi v.i.e., akademik Vaqif Fərzəliyev, büro üzvləri və aidiyyatı əməkdaşlar iştirak ediblər.
İclası akademik V.Fərzəliyev açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.
Sonra 2018-2019-cu tədris ili üçün Kimya Elmləri Bölməsinin elmi müəssisələrində elmlər doktoru proqramı üzrə doktoranturaya 5, dissertanturaya 8 və fəlsəfə doktoru proqramı üzrə dissertanturaya təqdim olunmuş 17 nəfərin mövzusu müzakirə edilib.
Müzakirələrdə akademiklər - Dilqəm Tağıyev, Vaqif Fərzəliyev, Vaqif Abbasov, Əjdər Məcidov, AMEA-nın müxbir üzvləri - Bəxtiyar Məmmədov, Hafiz Əlimərdanov, Məhəmməd Babanlı və digərləri iştirak ediblər.
Müzakirəyə çıxarılmış bütün mövzular büro üzvləri tərəfindən təsdiq olunub.
Daha sonra iclasda akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 2019-cu il üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin planı təsdiqlənib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2017-ci ildə keçirdiyi müsabiqələrin qalibi olmuş 7 layihənin icrası haqqında yekun hesabatlar dinlənilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.