Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.02.2019 17:16
  • A-
  • A
  • A+

AMEA-da “İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda tədbir keçirilib

AMEA-da “İqtisadi islahatlar: elm potensialının imkanları” mövzusunda tədbir keçirilib

Fevralın 5-də AMEA-nın İqtisadiyyat İnstitutu və AR İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: elm potensialının imkanları" mövzusunda tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi islahatlar elmi ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunub.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bu gün ölkəmizdə cəmiyyət quruculuğunun bütün sahələrində, o cümlədən iqtisadi sferada geniş islahatların həyata keçirildiyini bildirib. Qeyd edib ki, regionun lider dövləti olan Azərbaycanın iqtisadi uğurları Davos İqtisadi Forumundakı müzakirələrdə, eləcə də beynəlxalq ekspertlər və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə iqtisadiyyat elminin nəzəri səviyyəsinin artdığını deyən İ.Həbibbəyli İqtisadiyyat İnstitutunun dövlət proqramlarının və strateji yol xəritələrinin hazırlanmasında bilavasitə yaxından iştirak etdiyini vurğulayıb. Akademik, həmçinin müasir dövrün çağırışlarına cavab vermək məqsədilə gənc alimlərin Avropa və Asiyanın qabaqcıl elmi-tədqiqat müəssisələrində təcrübə keçməyə göndərilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən strateji yol xəritələrinə uyğun olaraq, 2016-2017-ci illərdə ölkə iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşıb və sabitləşib. Onun sözlərinə görə, 2017-ci ilin sonundan başlayaraq və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edilib. V.Qasımlı 2019-2020-ci illərdə iqtisadi artımın daha yüksək pilləyə çıxması ilə yeni büdcə qaydaları şəraitində rəqabət qabiliyyətinin artırılmasının nəzərdə tutulduğunu və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da dərinləşəcəyini söyləyib.

Qeyd edib ki, ölkə iqtisadiyyatı aparılmış müvafiq islahatlara müsbət cavab verib və yeni tarazlıq şəraitinə uyğunlaşıb: "Son biznes, struktur islahatları və fiskal qaydalar bir-birini tamamlamaqla yeni iqtisadi modelə keçidi tam başa çatdıracaq. Dünyada gedən siyasi və iqtisadi proseslər, o cümlədən 4-cü Sənaye İnqilabı, iqlim dəyişikliyi, ticarət müharibələri, iqtisadi idarəetmə arxitekturasının dəyişilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanda yeni iqtisadi modelə transformasiyanın yekunlaşma üzrə olması ölkə iqtisadiyyatına yeni perspektivlər vəd edir".

Hazırda Azərbaycanda iqtisad elminin potensialının səfərbər olunması və ölkədə aparılan uğurlu iqtisadi siyasətə cəlb edilməsinin önəminə toxunan V.Qasımlı mərkəzin islahatların təhlili və kommunikasiyasında ölkənin iqtisadiyyat məktəbinin imkanlarına mütəmadi müraciət etdiyini bildirib.

Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun direktoru,iqtisad üzrə elmlər doktoru, professor Nazim İmanov isə bildirib ki, elmi-təd­qiqat institutları ilə dövlət orqanlarının birlikdə konfranslar, elmi seminarlar, elmi-praktik müzaki­rələr keçirməsi həm ölkədə aparılan islahatların elmi təminatı, həm də elmi potensialdan daha sə­mərəli istifadə olunması baxımından əhəmiyyətlidir. O qeyd edib ki, İqtisadiyyat İnstitutu strateji yol xəritələrində qo­yulmuş vəzifələri əsas tutaraq 2017-2018-ci illərdə Azərbaycanda post-neft iqtisadiyyatı quruculuğunun sürətləndirilməsi istiqamətində kompleks elmi-tədqiqat işi yerinə yetirib: "İnstitu­tun özünün hazırlayıb beynəlxalq ekspert icmasına təqdim etdiyi metodologiya əsasında 6 sektor üzrə qiymətləndirmə aparılıb və müəyyən olunub ki, bir qayda olaraq təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, el­min, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlü­yünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir".

N.İmanov ölkədə aparılan iqti­sadi islahatların effektivliyinin daha da artırılmasına töhfə vermək məqsədilə rəhbərlik etdiyi müəssisədə 2019-2021-ci illərdə "Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaş­dırılması" mövzusunda tədqiqatların aparılmasının nəzərdə tutulduğunu söyləyib.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı həyata keçirilən kompleks biznes islahatı tədbirləri çərçivəsində atılan mühüm addımlar barədə təqdimatla çıxış edib. Təqdimat zamanı ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradan tikintiyə icazə verilməsinə vahid yanaşmanın tətbiq edilməsi istiqamətində yeni icazə qaydaları, dövlət satınalmaları ilə həyata keçirilən yeniliklər, vahid satınalma portalının yaradılması istiqamətində görülən işlər, elektron məhkəmə, bir prosedura hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsi, onlayn vahid ixrac ərizəsi və yaşıl dəhliz ilə bağlı ətraflı məlumat verilib.

Yekunda qeyd edilib ki, dövlət başçısı tərəfindən həyata keçirilən dərin iqtisadi islahatlar müstəqilliyimizin möhkəmlənməsinə, iqtisadiyyatımızın inkişafına və sosial rifah halının yaxşılaşmasına töhfə verməklə yanaşı, elmi potensialın da güclənməsinə xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: