AMEA Rəyasət Heyətinin fevralın 8-də keçirilən iclasında İctimai Elmləri Bölməsinin (İEB) 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti məsələsinə baxılıb.
Əvvəlcə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işçilərin sosial-iqtisadi problemlərinin həllində xidmətlərinə və həmkarlar ittifaqı işində yaxından iştirakına görə “AHİK-in 25 illik yubiley döş nişanı" ilə təltif edilib.
Daha sonra İEB-ə daxil olan institut və təşkilatlardan, eləcə də kənar elmi müəssisələrdən mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən akademik Nərgiz Axundova bildirib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyəti dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsasında həyata keçirilib. Alim Prezident İlham Əliyevin imzaladığı "Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına dair, "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman və sərəncamları, eləcə də "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" üzrə yerinə yetirilən işlər haqqında məlumat verib.
Mühüm elmi nəticələrə dair statistik məlumatları diqqətə çatdıran N.Axundova vurğulayıb ki, bölmə üzrə 30 problemi əhatə edən 138 mövzuda 384 mərhələdə 322 iş üzrə tədqiqatlar aparılıb, 56 mövzu üzrə 228 mərhələdə 141 iş tamamlanıb. Bölmənin elmi müəssisələri tərəfindən 2-si xaricdə olmaqla 83 kitab, 11-i xaricdə olmaqla 91 monoqrafiya, 334-ü xaricdə olmaqla 1615 məqalə, 85-i xaricdə olmaqla 270 tezis nəşr olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 38 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 582-dir.
Kadr hazırlığı haqqında da məlumat verən alim bildirib ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 30, elmlər doktorluğu üzrə 6 dissertasiya işi müdafiə edilib. Hazırda bölmədə 32 doktorant və 221 dissertantın, eləcə də magistratura üzrə isə 2 nəfərin təhsil aldığını diqqətə çatdırıb.
Elmlə təhsilin inteqrasiyasından danışan N.Axundova vurğulayıb ki, hesabat ilində bölmənin bütün elmi müəssisələrində ali məktəblərin tələbə və müəllim kollektivi təcrübə kursları keçiblər. Eləcə də alimlər bir sıra ali və orta təhsil müəssisələrində elmin müxtəlif sahələrinə uyğun məruzələrlə çıxış ediblər, nəşr olunmuş elmi əsərlər elm və təhsil müəssisələrinə göndərilib.
Bölmənin akademik-katibi ötən il bütün elmi müəssisələrdə beynəlxalq əlaqələrin daha da genişləndirildiyini söyləyib. Vurğulayıb ki, institut və təşkilatlar ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Polşa, Çexiya, Rusiya, Türkiyə, Gürcüstan, İran, Özbəkistan, Qazaxıstan, Çin və digər ölkələrin elmi tədqiqat müəssisələri ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrini davam etdiriblər. N.Axundova AMEA-nın Rəyasət Heyətinin qərarlarının və AMEA prezidentinin sərəncamlarının icrası, struktur dəyişiklikləri, konfrans və yubileylər, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası sahəsində görülən işlər, gənc alim və mütəxəssislərin fəaliyyətləri və digər məsələlərə də toxunub.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Əminağa Sadıqov, Qorxmaz İmanov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
Daha sonra Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Fənlərarası tədqiqatların elmi-nəzəri metodalogiyasının təkmilləşdirilməsi məqsədilə yaradılmış elmi seminarın fəaliyyəti, Avropa proqramlarına qoşulmaq məqsədilə elmin prioritet istiqamətlərini nəzərə alaraq, tərəfdaş təşkilatlarla müştərək layihələrin hazırlanması, elm və təhsilin inteqrasiyası, Azərbaycan tarixinin, arxeologiyasının, iqtisadiyyatının, fəlsəfəsinin elmi problemləri üzrə impakt faktorlu jurnallarda məqalələrin çapı və digər istiqamətlərdə bir sıra tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.