Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.03.2019 14:47
  • A-
  • A
  • A+

“İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda seminar keçirilib

“İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda seminar keçirilib

Martın 13-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Elm günü”nə həsr olunan “İqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin yuxarı həddi” mövzusunda seminar keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açaraq seminarın ölkə başçısının “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib.

Sonra AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovun məruzəsi dinlənilib. O, məruzəsində iqtisadi tədqiqatlarda riyazi üsullardan istifadənin əhəmiyyəti, riyazi üsullardan istifadənin yuxarı və aşağı həddi, nəzəri və praktiki məsələləri barədə danışıb. Bildirib ki, riyazi üsulların tətbiqi iqtisadi tədqiqatların daha dərindən aparılmasına və dəqiq elmi nəticələrin alınmasına xidmət edir. Bundan əlavə, riyazi üsulların ifrat tətbiqinin iqtisad elmini reallıqdan uzaqlaşdırdığını, yanlış elmi nəticələrə və səhv iqtisadi qərarlara yol açdığını vurğulayıb.

N.İmanov, həmçinin iqtisadi tədqiqatlarda riyaziyyatın tətbiqinin yuxarı həddini riyazi üsullarla müəyyənləşdirmək və kəmiyyət göstəriciləri ilə ifadə etməyin mümkün olmadığını söyləyib: “İqtisadçının riyazi bilikləri nə qədər azdırsa, yuxarı hədd bir o qədər aşağıdadır. İqtisadi nəzəriyyə bilməyən riyaziyyatçının “iqtisadi tədqiqatı” böyük təhlükələrə yol aça bilər”.

Professor İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlar barəsində də danışaraq bildirib ki, 2014-cü ildə müəssisənin təqdim etdiyi metodologiya əsasında dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilələrinin səviyyəsi 6 sektor üzrə qiymətləndirilib. Müəyyən olunub ki, bir qayda olaraq, təhsil və səhiyyə sistemlərinin tənzimlənməsi dirijist prinsiplərin üstünlüyünə, elmin, xarici ticarətin, turizmin və pensiya sisteminin tənzimlənməsi isə liberal prinsiplərin üstünlüyünə əsaslandıqda bu sektorlar daha effektiv inkişaf edir.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: