Martın 14-də AMEA-nın Əsas binasında "Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri" mövzusunda konfrans keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, Qeyri-Maddi Mədəni İrs Dərnəyi, Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə reallaşıb.
Konfransı Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdir müavini Vüqar Məmmədov açaraq iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, mədəniyyət, xüsusən də folklor sahəsində birgə əməkdaşlığını yüksək qiymətləndirib. O, mədəniyyətimizin bir qolu olan xalq oyunlarını inkişaf etdirərək gələcək nəsillərə çatdırmağın müasir dövrün aktual məsələlərindən olduğunu bildirib.
Mədəniyyət Nazirliyinin bu istiqamətdə gördüyü işlərdən bəhs edən V.Məmmədov təmsil etdiyi qurum tərəfindən "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Fəaliyyət Planı"nın qəbul edildiyini diqqətə çatdırıb.
Sonra çıxış edən Bakı Yunus Əmrə İnstitutunun direktoru, dosent Cihan Özdemir bildirib ki, rəhbərlik etdiyi müəssisə hazırda dünyanın 48 ölkəsində fəaliyyət göstərən 58-ə yaxın mərkəzi ilə türk dilinin tarixi və mədəniyyətini təbliğ edir.
C.Özdemir qeyd edib ki, Bakı Yunus Əmrə İnstitutu Azərbaycanla Türkiyə arasında mədəniyyət körpüsü rolunu oynamağa çalışaraq bir çox mədəniyyət, elm mərkəzləri ilə birgə layihələr reallaşdırır. O, bugünkü müştərək xalq oyunları və ənənələrinə həsr olunan panelin mövzusunun milli mədəniyyətimizin ayrılmaz parçasına həsr olunduğunu deyərək, tədbirin işinə uğurlar arzulayıb.
Milli Məclisin deputatı Sona Əliyeva isə çıxışında Azərbaycanın tarixən mövcud olmuş öz adət-ənənələrini çətin şəraitdə, həmçinin 70 illik SSRİ dövründə belə qorumağa müvəffəq olduğunu, qadağalara baxmayaraq xalqımızın öz milli dəyərlərini qoruyub saxladığını söyləyib.
Açılış mərasimindən sonra konfrans öz işini panel iclası ilə davam etdirib.
Panel iclasında Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək bildirib ki, konfrans Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaq məqsədilə keçirilir. Qeyd edib ki, xalq mədəniyyətimizin ən vacib qollarından birini də xalq oyunları və meydan tamaşaları təşkil edir. Bu oyunların, tamaşaların arxaik köklərinə getmək, onun müasir durumunu öyrənmək, bərpa etmək, özümüzə və dünyaya çatdırmaq ən vacib vəzifələrimizdəndir.
Tədbirdə akademik M.İmanovun "Xalq oyunlarında ritual-mifoloji kontekst", Folklor İnstitutunun şöbə müdirləri - professor Füzuli Bayatın "Oyunların fəlsəfi-mifoloji kökü, qadağalar və cəzalar", fil.ü.f.d. Ağaverdi Xəlilin "Gözbağlıca oyunlarında inisiasiya və türk eposunun strukturu", Ankara Hacı Bayram Vəli Universitetinin kafedra müdirləri - professor Öcal Oğuzun "UNESKO-da ənənəvi idman növləri və oyunları", Zeynəb Safiyənin "Türkiyədə ənənəvi oyunlar və onların tətbiqi" və dosent Ezgi Basatın "Kəndlərdə tətbiq olunan oyunlarla aktyor, tamaşaçı və məkan əlaqəsi" mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.