Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

Elmi-tədqiqat aktivliyi üzrə bəzi dünya ölkələrinin reytinqlərinin müqayisəli təhlili və elmin maliyyələşməsi məsələləri müzakirə edilib
29.03.2021 15:52
  • A-
  • A
  • A+

Elmi-tədqiqat aktivliyi üzrə bəzi dünya ölkələrinin reytinqlərinin müqayisəli təhlili və elmin maliyyələşməsi məsələləri müzakirə edilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin Elm gününə həsr olunmuş “Elmi-tədqiqat aktivliyi üzrə bəzi dünya ölkələrinin reytinqlərinin müqayisəli təhlili və elmin maliyyələşməsi məsələləri” mövzusunda onlayn elmi seminarı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun şöbə müdiri, iqtisad elmləri namizədi, dosent Əlövsət Əliyev əvvəlcə elmin və Elm günüün əhəmiyyətindən, dünya iqtisadiyyatının inkişafını təmin edən əsas faktorun elm olduğunun qəbul edilməsindən danışaraq həmkarlarını təbrik edib. Son dövrlərdə ölkənin elmi sferasında baş verən müsbət dəyişiklərin, islahatların sosial-iqtisadi mahiyyətini hərtərəfli şərh edib.

Alim məruzəsinin əsas hissəsini təqdim edərək indiki şəraitdə mövzunun aktuallığından söz açıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, BMT-nin 2030 – Dayanıqlı İnkişaf Məqsədləri haqqında (Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur), Dünya İqtisadi Forumunda IV Sənaye İnqilabının çağırış və və tezislərindən irəli gələn vəzifələr, AMEA-nın 2020-2025-ci illər üçün İnkişaf Proqramının əsasları və fəaliyyət istiqamətləri kimi milli və beynəlxalq rəsmi sənədlərin müvafiq sahənin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 Ə.Əliyev qeyd edib ki, YUNESKO-nun dünya elminin inkişafı ilə bağlı Parisdə təqdim olunmuş yeni məruzəsində (UNESCO Science Report: Towards 2030) dünyada elmə ayrılan vəsaitin və yerinə yetirilən işlərin həcminin sürətlə və sabit olaraq artdığı qeyd edilir. Əsas paradiqma ondan ibarətdir ki, artıq dünya dövlətlərinin əksəriyyəti iqtisadiyyatın inkişafını təmin edən əsas faktorun elm olduğunu dərk edir. Statistikaya əsasən, təkcə 2007-2013-cü illərdə dünyada elm xərcləri 30,7 faiz artaraq, qlobal ÜDM artımını 20 faizlik göstərici ilə üstələyib. Son 2-3 onillikdə elmin meqatrend qismində Qərbdən Şərq yarımkürəsinə doğru sürüşməsi və Cənub-Şərqi Asiyanın iqtisadi intibahında əsas “drayver”lərdən birinə çevrilməsi də diqqəti cəlb edən faktlardandır.

Elmi-tədqiqatın nəticələrinin kommersiyalaşdırılmasının effektiv idarə olunması prosesinin mərhələlərindən söz açan Ə.Əliyev elmi-tədqiqat fəaliyyəti üzrə beynəlxalq reytinqlərdən bəhs edib. Hər il Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilən “Qlobal İnnovasiya İndeksi – 2020” (The Global Innovation Index – 2020) hesabatı barədə məlumatı diqqətə çatdırıb. Bildirib ki, elmi-tədqiqat fəaliyyəti üzrə beynəlxalq reytinqə İsveçrə liderlik edib, növbəti pillələrdə isə İsveç, ABŞ, Böyük Britaniya və Niderland yer alıb. Azərbaycan “Qlobal İnnovasiya İndeksi – 2020” hesabatında 131 ölkə arasında 82-ci yeri tutub. Ölkəmiz postsovet məkanında yalnız Orta Asiya ölkələrini üstələyə bilib. Şöbə müdirinin sözlərinə görə, “Qlobal İnnovasiya İndeksi” innovasiya fəaliyyəti üzrə 80 indikator əsasında tərtib olunur. Bu indikatorlar “İnnovasiya resursları” və “İnnovasiya nəticələri” subindeksləri üzrə institusional şərait, insan kapitalı və elm, infrastruktur, daxili bazarın inkişafı, biznesin inkişafı, biliklər və texnologiyaların inkişafı, yaradıcı fəaliyyətin nəticələri kimi qruplara bölünür. Azərbaycanın ən zəif göstəriciləri institusionallıq, daxili bazarın inkişafı və yaradıcı fəaliyyət sahələrində müşahidə olunub.

Məruzəçi 2020-ci ildə “Qlobal İnnovasiya İndeksi” üzrə Azərbaycanın və bəzi dünya ölkələrinin reytinqini təqdim edib. Bildirib ki, elmin maliyyələşməsi və elmi-tədqiqat aktivliyi üzrə bəzi dünya ölkələrinin reytinqi, ölkələrin elmi-texniki potensialının qiymətləndirilməsi, Nobel mükafatçıları, ümumi daxili məhsul (ÜDM) və adambaşına ÜDM üzrə ölkələrin reytinqi, elmə sərf olunan xərclər üzrə ilk 10 ölkənin reytinqi, bəzi ölkələrin və Azərbaycanın dövlət büdcəsində elmin payı kimi reytinqlərin müqayisəli təhlilinə ayrıca baxmaq tövsiyə olunur. Alim elmin inkişafının əsas məqsəd və vəzifəsi, elmi müəssisə və təşkilatlar, elmi fəaliyyət sahəsində dövlət siyasətinin əsas prinsip və prioritetləri, akademik strukturlar və onların fəaliyyət istiqamətləri, biliklərə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması, innovasiya və yeni elmi nəticələrin əldə olunmasının təmin edilməsi, yüksək texnologiyalar parkının elmi müəssisələrlə inteqrasiyasının təmin edilməsi, elmi təşkilatlarda innovasiya və ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası istiqamətləri, IV Sənaye İnqilabının komponentlərinin və süni intellekt texnologiyalarının elmi fəaliyyətdə tətbiqi haqqında ətraflı məlumat verib.

Ə.Əliyev bildirib ki, indiki dövrdə iqtisadiyyatda əsas ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşməli, inkişafın əsas magistral xətti insan kapitalı, bilik iqtisadiyyatı olmalıdır. Aqrar sahəyə milyardlarla sərmayə yatırılsa da, onunla daha yüksək səviyyədə inkişaf etməyin qeyri-mümkünlüyü qəbul olunmalıdır. Həmin seqmentin ixracda məhsul və dəyər ekvivalenti kimi iştirakı zəif rəqəmlərlə ifadə olunur. Hazırda texnologiyaların inkişafının elə bir mərhələsidir ki, bir mikroçip, proqram məhsulu, hər hansı texnoloji innovasiya  ölkəyə çoxlu miqdarda vəsait gətirə bilər. “Elmə yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik baxış kimi müxtəlif yanaşmalar mövcuddur. Qabaqcıl ölkələrdə elmə praqmatik yanaşılır, yəni elmdən gəlir əldə etmək üçün ona müəyyən sərmayə yatırılır.” – deyə Ə.Əliyev qeyd edib.

Məruzənin yekununda Ə.Əliyev elmin strateji əhəmiyyətli, prioritet fəaliyyət sahəsi olub-olmaması, ilk növbədə, hər bir ölkənin ümumi daxili məhsulunda elm sahəsinin payı, iştirakı və yaratdığı dəyərin həcmi ilə müəyyənləşdiyindən ölkədə elmin maliyyələşməsinə yanaşmanın təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb.

Seminarda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: