www.science.az
18.01.2020 13:09

İqtisadiyyat İnstitutunda professor Mədət Allahverdiyevin 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, professor Mədət Allahverdiyevin anadan olmasının 90 illiyi münasibətilə elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Nazim Müzəffərli mərhum alimin görkəmli iqtisadçı, elm və təhsil fədaisi olduğunu, Azərbaycan iqtisad elminin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.

Daha sonra AMEA-nın müxbir üzvü Şahbaz Muradov “Görkəmli iqtisadçı alim və böyük elm təşkilatçısı”, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəlil Quliyev “Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi və əmək ehtiyatlarından istifadə edilməsinin ilk tədqiqatçısı” və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əmirxan Babaşov “Azərbaycanda yüksəkixtisaslı iqtisadçı elmi kadrların hazırlanmasında böyük xidmətləri olan alim” mövzusunda məruzələrlə çıxış ediblər.

İqtisadçı alimlər məruzələrində Mədət Allahverdiyevi iqtisad elmi sahəsində dərin bilik və zəkaya, əsl ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik sadə, xeyirxah və müdrik insan kimi xarakterizə edib, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Məruzələrdə qeyd olunub ki, keçmiş ittifaqda ən çox elmlər namizədləri və doktorları hazırlamış Mədət Allahverdiyev böyük alim, söz sahibi və şəxsiyyət idi. O, doğulduğu məkandan, milliyyətindən və ictimai vəziyyətindən asılı olmayaraq elmə həvəsi olan, bu sahədə qabiliyyəti olan bütün gənclərə mənəvi və lazım gəldikdə maddi dəstək göstərib. Görkəmli alimin rəhbərliyi altında  100-dən çox elmlər namizədi və doktoru yetişdirilib.

Sonda Mədət Allahverdiyevin ailə üzvləri tədbirin təşkilatçılarına və məruzəçilərə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.