Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Nailə Vəlixanlı: “İnanırıq ki, dünya bu ağır imtahandan da çıxacaq”
11.04.2020 15:57
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlı: “İnanırıq ki, dünya bu ağır imtahandan da çıxacaq”

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə dəstək verərək onlayn rejimdə fəaliyyət göstərir. 

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbəri olduğu qurumun əməkdaşlarının xüsusi karantin rejimindəki fəaliyyəti, həyata keçirilən onlayn tədbirlər və aparılan araşdırmalara dair geniş müsahibə verib.

Akademik N.Vəlixanlı bildirib ki, hazırda muzeyin fond materialları, kataloqları və digər nəşrlərinin təbliği ilə bağlı işlər mütəmadi icra olunur. Muzeyin Elmi-kütləvi və təhsil şöbəsinin Bakıda yerləşən müxtəlif məktəblərin şagirdlərinin iştirakı ilə hazırladığı, 1918-ci ilin 31 mart soyqırımına həsr olunmuş videoçarxı haqqında məlumat muzeyin saytında işıqlandırılıb. "Sevindirici haldır ki, muzeyin virtual fəaliyyəti ölkədən kənarda da izlənilir və dəyərləndirilir", - deyə alim əlavə edib.

Rusiya Federasiyasının “TurStat” turizm portalı tərəfindən tərtib olunmuş reytinqə əsasən, Milli Azərbaycan Tarixi Muzeyinin MDB-nin 10 ən yaxşı tarix və mədəniyyət muzeyləri sırasında 6-cı yeri tutduğunu deyən direktor bu reytinqin muzeylərin populyarlığının təhlili və virtual muzey turlarının təklifləri əsasında tərtib edildiyini bildirib.

O, Tarix Muzeyinin “Facebook”, “Instagram” və “Twitter” hesablarında da mütəmadi olaraq kataloqlar, onlayn sərgilər, eksponatlar, tarixi günlər haqqında məlumatların verildiyini söyləyib.

Nailə Vəlixanlı aprelin 7-də Azərbaycan xalqına ölkənin hazırkı durumu ilə bağlı müraciət etdiyini deyib: “Biz inanırıq ki, dünya bu ağır imtahandan da çıxacaq və biz əvvəlki gündəlik qayğılarımıza, iş yerlərimizə qayıdacağıq. Lakin bu gün şəraitə uyğun hərəkət etməli, evdə qalsaq da işlərimizi görməli, bir-birimizin qayğısına qalmalı, vətən, dövlət və gələcək naminə yaşamalı və çalışmalıyıq”.

Alimin sözlərinə görə, bu çağırışa ilk olaraq muzeyin əməkdaşlarından dəstək gəlib və videoçarx hazırlanaraq #gücbirlikdədir həştəqi ilə ictimaiyyətə təqdim olunub. Videoda muzeyin müxtəlif şobələrində çalışan 15 əməkdaş bu ictimai müraciətin ayrı-ayrı hissələrini yazılı formada əllərində nümayiş etdirərək, insanları bəşəriyyəti təbiətdən təcrid etməkdə olan bu bəlaya qarşı birgə mübarizəyə dəvət edib. Direkor qeyd edib ki, materialda bu gün xalqımızın daha çox intizamlı olmağa, təmənnasız xeyirxahlığa, sosial məsuliyyət və pozitiv düşüncəyə ehtiyacı olduğu vurğulanıb. “El gücü - sel gücü” atalar sözünü şüara çevirən muzey əməkdaşlarının bu videoçarxına izləyicilərdən müsbət rəy gəlib.

"Bundan başqa, muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ū.f.d, dosent Gülzadə Abdulova “Əsrlərin yadigarı Çuxa” və Numizmatika və epiqrafika elmi fond şöbəsinin boyūk elmi işcisi, t.ū.f.d. Aygün Məmmədovanın “Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” adlı onlayn mühazirə və videoçarxlarının təqdimatı keçirilib", - deyə N.Vəlixanlı əlavə edib. Onun sözlərinə görə, aprelin 9-da isə AZTV-də yayımlanan “XXI əsr Rafiq Həşimov ilə” videoçarxında professor Əli Rəcəbli ilə müsahibə təqdim olunub. Söhbət zamanı numizmat-alimin həyat yolu və yaradıcılığından, eləcə də Azərbaycan numizmatika tarixindən bəhs edilib.

Akademik N.Vəlixanlı hazırda muzeyin 100 illik yubileyi ilə əlaqədar işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, yubiley münasibətilə çapı nəzərdə tutulan kitablar, məqalələr və digər elmi işlər üzrə fəaliyyət ev şəraitində davam etdirilir. Yaxın günlərdə bir neçə onlayn seminarın keçirilməsi planlaşdırılır.  

Direktor muzey əməkdaşlarının, həmçinin N.Nərimanovun 150 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının müvafiq sərəncamı və 9 may – faşizm üzərində qələbənin qeyd edilməsi ilə bağlı materiallar üzərində işlədiyini söyləyib. O, yaxın günlərdə əməkdaşların muzeyşünaslıq və tarixə dair onlayn çıxışlarının da planlaşdırıldığını deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: