Martın 4-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti iclası keçirildi.
İclası giriş sözü ilə açan bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırdı.
Sonra “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin rəhbəri, Əməkdar incəsənət xadimi, professor Vidadi Muradov “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin elmi-tədqiqat fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi. 1994-cü ildə yaranmış və indiyədək uğurla fəaliyyət göstərən istehsalat və yaradıcılıq mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verən professor Vidadi Muradov bildirdi ki, məqsədimiz Azərbaycan xalçaçılığını yaşatmaq, onun ənənələrini davam etdirmək, gənc nəslə öyrətmək, xalq çeşniləri əsasında toxuduğumuz xalçaların beynəlxalq miqyasda təbliğinə nail olmaqdır.
Professor Vidadi Muradov bildirdi ki, “Azər-İlmə” yüksək keyfiyyətli, zərif Azərbaycan xalçalarının əsas istehsalçısı kimi dünyada böyük şöhrət qazanmışdır. Xüsusilə Heydər Əliyev Fondunun xətti ilə Paris, London, Roma, Moskva, Vatikan, San-Trope və dünyanın bir sıra şəhərlərində keçirilən tədbirlərdə mərkəzin kolleksiyasına daxil olan qədim xalça nümunələri sərgilənmiş, Azərbaycan xalçaçılıq sənəti layiqincə təmsil olunmuşdur.
Qeyd olundu ki, respublikamızda xalçaşünaslıq bir elm sahəsi kimi əsasən XX əsrin ortalarından etibarən inkişaf etməyə başlamış və bu sahə üzrə yüksək ixtisaslı xalçaşünaslar yetişdirilmişdir. Azərbaycan xalçasının əsl adını, çeşnilərini, onun milli-etnik köklərini və özünəməxsusluqlarını, boyaqçılıq ənənələrini, ticarət tarixini müəyyənləşdirmək və müasir Azərbaycan xalçaçılıq elmini beynəlxalq tələblər səviyyəsində inkişaf etdirmək məqsədilə müxtəlif işlər həyata keçirilmişdir. 2007-ci ildə “Azər-İlmə”nin nəzdində elmi-yaradıcılıq laboratoriyası yaradılmışdır. Laboratoriyada araşdırmalar əsasən “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı fundemantal elmi-tədqiqat layihəsi çərçivəsində həyata keçirilir.
“Hazırda “Azər-İlmə”nin elmi yaradıcılıq laboratoriyasında Azərbaycan xalçalarının Quba, Şirvan, Gəncə, Bakı və Təbriz qrupları üzrə araşdırmalar davam etdirilir” deyə bildirən V.Muradov bu laboratoriyada “Azərbaycan xalçaları”, “Quba qrupu”, “Bakı qrupu” “Şirvan qrupu”, “Gəncə qrupu” kimi kitab və broşürlərin nəşr olunduğunu qeyd etdi.
“Azər-İlmə”nin beynəlxalq əlaqələrindən danışan V.Muradov dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan qədim Azərbaycan xalça örnəklərinin müəyyənləşdirildiyini, onlar haqqında məlumatların toplanıldığını, həmçinin orijinal və nadir xalça çeşniləri əsasında yeni xalçaların toxunulduğunu diqqətə çatdırdı. Bildirdi ki, mərkəz “Viktoriya və Albert”, “Metropoliten”, San-Fransisko, Boston, Kanada, Rusiya muzeylərində mühafizə olunan Azərbaycan xalçalarına dair məlumatların dəqiqləşdirilməsi, ictimaiyyətə düzgün çatdırılması işində yaxından iştirak edir.
2013-cü ildə “Azər-ilmə”nin nəzdində yaradılmış Xalçaçılıq Tədris Mərkəzi barədə də məlumat verən mərkəz direktoru burada indiyədək 100-ə yaxın tələbənin təhsil aldığını, xalçaçılığın sirlərinə yiyələndiyini söylədi. O, həmçinin 2007-2015-ci illər ərzində “Azərbaycan xalçaları bütün qrupları ilə” layihəsi çərçivəsində görülən işlərdən danışdı.
Bildirildi ki, 2013-cü ildə Azərbaycan, rus, ingilis, ivrit, italyan fransız, alman dillərində “Təbriz xalçaları” kitabı nəşr olunmuşdur. Kitabda Cənubi Azərbaycanın xalçaçılıq tarixi, təqdim olunan xalçaların bədii-texniki xüsusiyyətləri, simvollar aləmi haqqında oçerklər yer almışdır. Həmçinin mərkəz tərəfindən “Naxçıvan xalçaçıları” adlı kitab-kataloq, “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı dərs vəsaiti çap olunmuşdur.
Tədbirdə, həmçinin Fəlsəfə və Hüquq İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin strukturlarında dəyişiklik edilməsi məsələsi müzakirə olundu.
Sonda bir sıra kadr məsələlərinə də baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.