Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2017 14:05
  • A-
  • A
  • A+

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

Yanvarın 24-də AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) Biologiya, Tibb, Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası, Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuralarının Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) ilə birgə Ümumi yığıncağı keçirilib.

Əvvəlcə BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra elmi şuraların 2016-cı ildəki fəaliyyətlərinə dair hesabatları dinlənilib, bölmədə aparılan elmi tədqiqatların müasir tələblərə uyğun səviyəyə yüksəldilməsi, elmi əməkdaşlığın və əlaqələndirmə işinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək Rəyasət Heyətinin iclasında akademik Əhliman Əmiraslanovun “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” adlı məruzəsini xatırladıb. Bildirib ki, məruzə ilə bağlı AMEA-nın Rəyasət Heyətinin qərarında qeyd olunan perspektiv istiqamətlər BTEB-in gələcək fəaliyyəti üçün əsas kimi qəbul edilib. Həmçinin bölməyə daxil olan müəssisələrdə ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi və inteqrasiyasının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasının zəruriliyi vurğulanıb.

Qeyd edilib ki, bölmənin fəaliyyətinin əsası olacaq üç elmi istiqamət seçilib, yeni problemlər və mövzular müəyyənləşdirilərkən bu istiqamətlərin nəzərə alınması tədqiqat institutlarına tövsiyə edilib.

Daha sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova 2016-cı ildə BTEB-in elmi müəssisələrində aparılmış tədqiqatların bölmənin illik hesabatına daxil ediləcək ən mühüm nəticələri barədə məlumat verib. Nəticələr geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

AMEA-nın müxbir üzvü Nuru Bayramov əlaqələndirmə işinin təkmilləşdirilməsində elektron elmin rolundan danışıb, BTEB-in və problem şuralarının saytları ilə bağlı məlumat verib.

Sonda problem şuraları ilə bölmənin birgə iclaslarının mütəmadi olaraq keçirilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: