www.science.az
10.04.2018 13:55

Bakı Dövlət Universitetinin "SABAH" qrupunun tələbələri Botanika İnstitutunda olublar

Bakı Dövlət Universitetinin "Biologiya müəllimliyi" ixtisası üzrə təhsil alan II kurs "SABAH" qrupunun tələbələri AMEA-nın Botanika İnstitutunda olublar.

İnstitutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimovla görüşdə tələbələrə müəssisənin tarixi, fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və beynəlxalq əlaqələri haqqında məlumat verilib.

Tələbələr daha sonra institutun laboratoriyaları ilə tanış olublar. Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani tələbələrə Azərbaycanın zəngin bitki müxtəlifliyi, onun qorunması və tədqiqində Herbari Fondunun önəmindən danışıb. Qeyd edib ki, respublikada 135 fəsilə, 1065 cinsi əhatə edən 600.000-ə yaxın nüsxədən ibarət Qafqazda ən mühüm hesab edilən zəngin herbari kolleksiyası Botanika İnstitutunda saxlanılır.

Görüş zamanı fondda saxlanılan bəzi tarixi nüsxələr də tələbələrə göstərilib, herbari nümunələrinin rəqəmsallaşdırılaraq Avropa Virtual Məlumat Bazasına daxil edilməsi əyani göstərilib.

Daha sonra Alqalogiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarova tələbələri ibtidai bitkilərə aid nümunələrin saxlandığı institutun alqotekası ilə tanış edib. Qeyd edib ki, bu herbaridə Azərbaycanın Xəzəryanı bölgələrinin diatom və göy-yaşıl yosunlarına aid 1600, şibyələrə aid 830 və mamırlara aid 378 növ tədqiq edilərək saxlanılır. Laboratoriyanın aparıcı elmi işçisi, b.ü.f.d. Aygün Babanlı isə tələbələrə şibyə və mamırların quruluşu, təsnifatı, filogeniyası, təkamülü və s. haqqında geniş məlumat verib.

Qeyd edək ki, "SABAH" qrupları Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi məqsədilə yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.