AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Hindistanın Cəvahirləl Nehru Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olub.
Azərbaycan Respublikasının Hindistandakı səfiri Əşrəf Şıxəliyevlə görüşlərdə Azərbaycan-Hindistan əlaqələrinin aktual məsələləri müzakirə edilib.
Cəvahirləl Nehru Universitetinin vitse-kansleri, professor M.Caqadeş ilə görüş zamanı bu elmi-tədqiqat və ali təhsil qurumu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Cəvahirləl Nehru Universitetində Azərbaycanşünaslıq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Hindistanşünaslıq mərkəzlərinin yaradılması, Cəvahirləl Nehru Universitetində yeni açılmış “Türk dili və ədəbiyyatı” ixtisasında “Azərbaycan dili və ədəbiyyatı” fənninin proqrama daxil edilməsi və tədrisi, birgə elmi konfransların keçirilməsi, elmi jurnalların mübadiləsi və s. məsələlər nəzərdə tutulur. Cəvahirləl Nehru Universitetinin rektoru, professor Çintamani Mahapata və Beynəlxalq Münasibətlər İnstitutunun baş direktoru, professor Çita Bamezai ilə keçirilmiş görüşlərdə isə ikitərəfli elmi əməkdaşlığın həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Akademik İ.Həbibbəyli Cəvahirləl Nehru Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxuyub. O, eyni zamanda “Türk dili və ədəbiyyatı” ixtisasının professor-müəllim heyəti və tələbə kollektivi qarşısında “Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və əsas yaradıcıları” mövzusunda dərs keçib. Cəvahirləl Nehru Universitetində təşkil olunmuş Novruz konfransında da akademik İsa Həbibbəylinin çıxışı maraqla qarşılanıb.
Azərbaycanlı alim Cəvahirləl Nehru Universitetinin vitse-kansleri, professor M.Caqadeşi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna dəvət edib.
Səfər çərçivəsində akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin Hindistanda ən böyük davamçısı, hind ədəbiyyatının klassiki Əmir Xosrov Dəhləvinin məzarını və məşhur Tac Mahal məbədgahı kompleksini də ziyarət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.