AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) 27 Mart - Elm Günü münasibətilə “Vermikultivirləşdirmə ətraf mühitin sağlamlaşdırılmasının açarıdır” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə AR Kənd Təsərrüfatı Nazirliyinin, Botanika İnstitutunun və TAİ-nin əməkdaşları iştirak ediblər.
Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq tədbirin ölkə Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib.
Sonra institutun Üzvi gübrələr laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. dos. Səfaləddin İsmayılov məruzə ilə çıxış edib. Qeyd edib ki, vermikultivirləşdirmə bir sıra inkişaf etmiş ölkələrdə geniş istifadə olunan texnologiyalardan sayılır. Onun sözlərinə görə, yağış qurdları vasitəsilə müxtəlif növ üzvi tullantılar emal edilir və nəticədə yüksək keyfiyyətli ekoloji təmiz üzvi gübrələr, biohumus və vermikompost alınır.
S.İsmayılov müasir dövrdə yağış qurdlarının artırılmasının ABŞ, İtaliya, Yaponiya, Belçika, Polşa, Fransa və digər Avropa ölkələrində, o cümlədən MDB respublikalarında inkişaf etdiyini diqqətə çatdırıb. Alim sözügedən gübrələrin kənd təsərrüfatında istifadəsinin yüksək səmərə verdiyini vurğulayıb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademiklər - Qərib Məmmədov, Məhərrəm Babayev, AR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi, a.e.ü.f.d. İmran Cümşüdov, Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.