Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2019 09:20
  • A-
  • A
  • A+

“Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilib

“Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Elm Gününə həsr olunan “Hüquq elminin müasir tədqiqat istiqamətləri” mövzusunda elmi seminar keçirilib.

Seminarı institutun direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə açaraq dünyanın sürətlə inkişaf etməsi nəticəsində yeni elmi istiqamətlərin ortaya çıxdığını söyləyib. Qeyd edib ki, son dövrlərdə əhalinin sağlamlığının qorunması, vətəndaşların səhiyyə sahəsində hüquqlarının həyata keçirilməsi, bu sahədə etik təsəvvürlərin dəyişməsi, orqan və toxumaların transplantasiyası, süni mayalanma və s. kimi bioetik məsələlərin aktuallaşması nəticəsində institutda Tibb hüququ kursu hazırlanıb.

Müasir dövrdə tibb hüququnun müstəqil sahə kimi formalaşdığını və artıq özünün tənzimetmə predmeti mövcud olduğunu deyən A.Mustafazadə bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin tədris edilməsinin zəruriliyini vurğulayıb.

Alim, həmçinin rəhbərlik etdiyi müəssisədə müasir dövrün aktual problemlərindən olan süni intellekt, kiberterror, İnternet təhlükəsizliyi ilə bağlı tədqiqatların aparıldığını və təkliflərin hazırlanaraq Milli Məclisə təqdim ediləcəyini bildirib.

Sonra institutun şöbə müdiri, hüquq elmləri doktoru Ayxan Rüstəmzadənin “Tibb hüququnun təcrübədə tətbiqi”, müəssisənin aparıcı elmi işçisi, hüquq elmləri doktoru Məhəmməd İmanlının “Pilotsuz avtonom nəqliyyat vasitələri nəqliyyat cinayətlərində fenomen kimi” və aparıcı elmi işçi Nigar Ağakişiyevanın “Palliativ yardım hüququ” mövzusunda məruzəsi dinlənilib. Məruzələrdə pasiyentlərin hüquqlarının pozulmasına görə mülki və maddi məsuliyyət, sağalmaz xəstələrə tibbi-sosial xidmətin göstərilməsi, pilotsuz uçan aparatların insanların həyatı üçün təhlükəli olması məsələlərinə toxunulub.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: