Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2019 09:43
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbənin təşkilatçılığı ilə ŞAR-da seminar-məşğələ keçirilib

İkinci xüsusi şöbənin təşkilatçılığı ilə ŞAR-da seminar-məşğələ keçirilib

Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin təşkilatçılığı ilə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin seminar-məşğələsi keçirilib.

Seminarı ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq qonaqları salamlayıb, tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. ŞAR-da MM-in təşkili və hazırki vəziyyəti haqqında məlumat verən N.Cəlilov rəhbərlik etdiyi müəssisədə mülki müdafiə təlimlərinə xüsusi diqqət yetirildiyini, qurumun əməkdaşlarının mütəmadi seminarlara cəlb edildiyini, fövqəladə vəziyyət, yanğın təhlükəsi, ilkin tibbi yardım və digər məsələlərə dair maarifləndirildiklərini söyləyib.

Sonra AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin rəisi Eldar Quliyev çıxış edərək akademiyada mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, eləcə də Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarına əsasən təşkil olunduğunu bildirib. O, 193 nömrəli Qərarda fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkilinin, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatının, eləcə də belə şəraitdə idarəetmənin təşkili kimi əsas göstərişlərin öz əksini tapdığını söyləyib.

Şöbə rəisi AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bilmək, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək və ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyi bacarmaq lazımdır.

Seminarda ŞAR-ın şöbə müdiri, f-r.ü.f.d. Canməmməd Rüstəmov rəsədxananın tarixi və fəaliyyəti haqqında məruzə ilə çıxış edib, qurumun bu günədək keçdiyi inkişaf yolu, aparılan yenidənqurma işləri barədə məlumat verib.

Daha sonra İkinci xüsusi şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyevin AMEA-nın Mülki Müdafiə Tədbirlər Planına uyğun olaraq ŞAR-da MM-in vəziyyətinin yoxlanılmasının nəticələri haqqında çıxışı dinlənilib. O.Fərzəliyev qeyd edib ki, yoxlamanın yekun nəticələrinə əsasən, ŞAR-da Mülki Müdafiənin təşkili 2019-cu il üçün nəzərdə tutulan Tədbirlər Planına uyğun şəkildə aparılır.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: