İyunun 10-da AMEA-nın Fəlsəfə İnstitutunda “Aristotel fəlsəfəsinin müasir interpretasiyaları” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos və Fəlsəfə İnstitutunun əməkdaşları iştirak ediblər.
Seminarı Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə açaraq tədbirin gündəliyi barədə məlumat verib. Aristotelin dünyanın ən böyük filosoflarından biri olduğunu deyən alim onun fəaliyyəti nəticəsində Qədim Yunan fəlsəfəsinin ən parlaq dövrlərini yaşadığını söyləyib. Aristotel fəlsəfəsinin bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərdiyini deyən alim filosofun sələflərindən fərqli olaraq Şərq-Qərb fəlsəfi ideyasını birləşdirdiyini bildirib. Qeyd edib ki, Aristotel ilk dəfə fəlsəfədə insan düşüncəsinin bütün sahələrini əhatə edən sistem yaradıb, həmçinin sosiologiyanın fəlsəfədən ayrı olduğunu sübut edib, o cümlədən azad insanları mülkiyyətlərinə görə siniflərə bölərək sinfi nəzəriyyənin əsasını qoyub. İ.Məmmədzadə dahi filosofun bəşəriyyət tarixində elmlərə sistemli yanaşan ilk şəxs olduğunu və onların klassifikasiyasını verdiyini diqqətə çatdırıb, məntiq, etika, metafizika, əxlaq, dövlət, ritorika sahələrinə dair bir çox əsərlər yazdığını deyib.
O, bu gün rəhbərlik etdiyi müəssisədə Aristotelin yaradıcılığına dair sistemli tədqiqatların aparıldığını, monoqrafiyaların, elmi məqalələrin yazıldığını vurğulayıb.
Tədbirdə, həmçinin N.Kanellos və H.İsaxanlı çıxış edərək Aristotelin fəlsəfi düşüncələrinə dair fikirlərini bölüşüblər.
Seminarda, o cümlədən f.e.d., professor Zümrüd Quluzadənin “Aristoteldə forma anlayışı”, f.e.d. Rəfiqə Əzimovanın “Aristotelin ontologiyasında etik-siyasi baxışlar”, f.e.d. Adil Əsədovun “Aristotelin estetik kateqoriyaları üzərində fəlsəfi impovizasiya”, f.e.d. Füzuli Qurbanovun “Aristotel və Azərbaycanm fəlsəfi-poetik təfəkkürü: rasionalizm və ədalət sahəsində görüş”, s.e.ü.f.d. Ruşan Ruşanzadənin “Aristotelin ədalət konsepsiyası” və f.ü.f.d. Radif Mustafayevin “Aristotel “Poetika”sının Azərbaycan dilində tərcüməsinə münasibət” mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.