AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGYTB) təşkilatçılğı ilə qırğızıstanlı yazıçılarla görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək iki ölkə arasındakı əlaqələrdən danışıb. Qeyd edib ki, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli tərəfindən dünyaca məşhur qırğız yazıçısı Çingiz Aytmatovun əsərləri Azərbaycan türkcəsinə uyğunlaşdırılıb. O, həmçinin qədim qırğız dastanı “Manas” eposunun ölkəmizdə də məşhur olduğunu və öyrənildiyini söyləyib.
Sonra Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov çıxış edərək belə bir görüşdən məmnun qaldığını bildirib.
DGTYB-nın Məsləhət Şurasının başqanı Əkbər Qoşalı isə keçirilmiş layihələr haqqında məlumat verib. O, ötən il qazaxların gənc yazarlarının əsərlərinin dilimizə tərcümə edilərək çap olunduğunu, bu il isə “Gənc qırğız şeiri antologiyası”nın işıq üzü gördüyünü vurğulayıb.
Tədbirdə Qırğızıstanın gənc yazarları Altınbek İsmail, Nuriza Ömürbayeva, Narsulu Qurqubay, Bekbolat Sarıbay öz şeirlərini səsləndiriblər.
Sonda tərəflər bir-birlərinə qarşılıqlı kitablar hədiyyə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.