Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.10.2019 15:49
  • A-
  • A
  • A+

"Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatı keçirilib

"Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatı keçirilib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov və Samir İsmayılovun həmmüəllifi olduğu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatı keçirilib.

Kitabın redaktoru və "Ön söz"ün müəllifi ETİ-nin direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəylidir.

Tədbiri M.Seyidbəyli açaraq Azərbaycanda Avropa tipli ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin (BDU) şərəfli tarixinə nəzər salıb. Universitetin yaranmasını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı nailiyyətlərindən biri kimi səciyyələndirən M.Seyidbəyli kitabın AXC-nin və BDU-nun 100-cü ildönümünə layiqli töhfə olduğunu vurğulayıb. M.Seyidbəyli nəşrdə yeni faktların əksini tapdığını və arxiv materiallarına geniş yer verildiyini deyib, vəsaiti Elm Tarixi İnstitutunun fəaliyyətində təqdirəlayiq işlərdən biri kimi qiymətləndirib.

Sonra müəlliflərdən Ziyad Əmrahov çıxış edərək kitabın yazılma zərurəti və tədqiqat prosesi haqqında məlumat verib. Müəllif kitabda universitetin yaradılması ilə bağlı AXC hökumətinin atdığı addımlar, müəssisənin Cümhuriyyətin süqutundan sonrakı fəaliyyəti, pedaqoji kadr hazırlığı, 1989-cu ildə Azərbaycan ziyalılarının tələbi əsasında qurumun tarixi adının bərpa olunması və digər məsələlərin araşdırıldığını bildirib.

Tədbirdə, həmçinin ETİ-nin elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, müəssisənin elmi işçi Hikmət Dayıyev, Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, BDU-nun Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova, ABŞ-ın Binqhamton Universitetinin professoru, Cümhuriyyət dövrünün araşdırıcısı De Haan və digərləri çıxış edərək nəşri BDU-nun, o cümlədən AXC-nin 100 illiyinə layiqli töhfə kimi qiymətləndirib, çoxsaylı arxiv materiallarının yer aldığı tədqiqat işini yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: