Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.10.2019 11:58
  • A-
  • A
  • A+

Zaqatalada İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Zaqatalada İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib

Zaqatala Rayon İcra Hakimiyyəti, AMEA Şəki Regional Elmi Mərkəzi (ŞREM) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, şairin yubileyi münasibətilə Elmi Mərkəz tərəfindən silsilə tədbirlər keçirilir.

Dahi mütəfəkkirin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verən direktor bildirib ki, lirik şair olan Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. O, həyat və cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə və ya təbiət təsvirləri içərisində söyləyib. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.

Elmi-praktik konfrans sonra plenar məruzələrlə davam etdirilib.

Konfransda Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin rəhbəri Vaqif Aslanın “Nəsimi yaradıcılığında sufi rəmzləri”, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışovun “Nəsimi dövrünün tarixi-siyasi aspektdən özəllikləri”, filologiya üzrə fəlsəfə doktorları - Kamil Adışirinovun “Nəsimi Azərbaycan elmi və bədii ədəbiyyatda”, Həşim İsmayılovun “Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda”, ŞREM-in doktorantı Pakizə Zakirovanın “Orta əsrlər hurufizm” və s. mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Sonda ŞREM-in rəhbərliyi tərəfindən Zaqatala şəhər Heydər Əliyev Mərkəzinə kitablar hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: