Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.11.2019 16:08
  • A-
  • A
  • A+

Azərbaycanın arid regionlarında təbii-təsərrüfat sistemlərinin idarə olunmasına dair müzakirələr aparılıb

Azərbaycanın arid regionlarında təbii-təsərrüfat sistemlərinin idarə olunmasına dair müzakirələr aparılıb

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə Mingəçevirdə “Azərbaycanın arid regionlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahil Babayev çıxış edərək regionun iqtisadi inkişafı, sənaye obyektləri, əhalisi və s. barədə məlumat verib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Coğrafiya İnstitutunun direktoru və Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov bildirib ki, Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, elmi yeniliklərin innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialından daha səmərəli istifadə edilməsi, gələcəkdə yerinə yetiriləcək tədbirlərin təsərrüfatın və əhalinin səmərəli ərazi təşkilində rolunun öyrənilməsi alimlər qarşısında duran əsas vəzifələrdəndir. Alim regionların torpaq-bitki örtüyünün ekoloji tarazlığının qorunmasının, təbii-landşaft potensialının mühafizəsi, biomüxtəlifliyin saxlanılması və s. amillərin qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Sonra Ramiz Məmmədov plenar iclasda “İqlim dəyişmələrinin arid ərazilərin təbii-təsərrüfat sistemlərinə təsiri” mövzusunda geniş təqdimatla çıxış edib. Alim məruzəsində iqlim dəyişmələrinin nəzəri əsaslarını verərək ölkədə aparılan iqlim tədqiqatları, müşahidə olunan iqlim parametrləri, iqlim dəyişmələrinin kənd təsərrüfatına, su ehtiyatlarına, Xəzər dənizi səviyyəsinə, insan sağlamlığına təsirləri və s. danışıb.

Tədbirdə “Azərbaycanda əhalinin həyat keyfiyyəti və onun demoqrafiq inkişafa təsiri” mövzusunda məruzə edən coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Azərbaycanda ümumi, şəhər və kənd əhalisinin min nəfərə görə və onun iqtisadi rayonlar üzrə say artımını göstərib. Tədqiqatçı bu rayonların urbanizasiya səviyyəsini, hər 1000 nəfərə görə əhalinin doğum, ölüm və təbii artım, nəsilvermə, uşaq və ana ölümü əmsallarını diqqətə çatdırıb.

Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov isə “Arid və semiarid ərazilərin landşaft-ekoloji vəziyyəti və optimallaşdırılmasının əsas prinsipləri” adlı məruzəsində kosmik şəkillər, topoqrafiq xəritə və çöl tədqiqat materialları əsasında coğrafi informasiya bazasını yaratdıqlarını və geniş təhlillər apardıqlarını bildirib.

Plenar iclasda, həmçinin coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyevin “Azərbaycanın arid-landşaft ehtiyatları və istifadə problemləri”, Zaur İmraninin “Davamlı turizm təsərrüfatı”, Zərnurə Həmidovanın “Məsafədən zondlama materialları əsasında sel təhlükəli sahələrin aşkarlanma metodikası”, Gəncə Universitetinin müəllimi, coğrafıya üzrə fəlsəfə doktoru Nəsibə Hacıyevanın “Abşeron yarımadasında yerləşən şəhərlərin iqlim xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilib.

Konfrans çərçivəsində “Fiziki coğrafiyanın müasir problemləri, təbii ehtiyatlardan istifadə və ekoloji tarazlığın qorunması” və “İqtisadi coğrafiyanın müasir problemləri, təsərrüfatın və əhalinin ərazi təşkili” bölmələri üzrə iclaslar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: