Ukraynanın Xerson Dövlət Universitetinin professoru İvan Moysiyenko AMEA-nın Botanika İnstitutunu ziyarət edib.
Məqsəd institutun Herbari kolleksiyası ilə yaxından tanış olmaq, həmçinin burada saxlanılan Qurşunçiçəyikimilər (Plumbaginacea Juss) fəsiləsinin Limonium Mill və Armeria (DC) Willd cinslərini araşdırmaq olub.
İnstitutun direktoru, akademik Validə Əlizadə ilə görüşdə qonağa müəssisədə həyata keçirilən elmi tədqiqat işləri və müştərək layihələr haqqında məlumat verilib.
Herbari kolleksiyaları ilə tanış olan İ.Moysiyenko herbari nümunələrinin rəqəmsallaşdırılması və virtual məlumat bazasına daxil edilməsi üzrə aparılan işlərlə yaxından maraqlanıb, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərlə müzakirələr aparıb.
Ukraynalı alim institutda yaradılan şəraitdən məmnunluğunu bildirib, elmi əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.