AMEA-nın Gəncə Bölməsində 12 noyabr - Konstitusiya Günü münasibətilə “Ziyalı sözünün qüdrəti” mövzusunda dəyirmi masa keçirilib.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncənin baş meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb. Bildirib ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız dövlətçilik tariximizdə yeni bir mərhələ açıb və ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
Akademik F.Əliyev qeyd edib ki, əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmış bu ali sənəd ölkədə həyata keçirilən hüquqi demokratik islahatlar üçün möhkəm bir təməl olub. Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.
Daha sonra İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Əsgərova və başqaları çıxış edərək Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirib, bu ali qanunvericilik aktının qəbulunu çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndiriblər.
Vurğulanıb ki, Konstitusiyamızın qəbul olunmasından ötən 24 ildə Azərbaycanın qazandığı nailiyyətlər, sosial-iqtisadi yüksəliş, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi kimi amillər respublikamızın sürətli inkişafının göstəricisidir. Bu uğurların kökündə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müvəffəqiyyətlə gerçəkləşdirdiyi uzaqgörən siyasət dayanır.
Tədbirin sonunda akademik Fuad Əliyevə İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşəkkürnaməsi təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.