Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2019 17:52
  • A-
  • A
  • A+

BDU-nun və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib

BDU-nun və Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib

Noyabrın 22-də AMEA-nın Tarix İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) və bu ali məktəbin Tarix fakültəsinin 100 illik yubileylərinə həsr olunan elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov BDU-nun müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini bildirib. O, Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, sənədə əsasən bu təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Bildirib ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilən universitet Azərbaycanda təhsilin və elmin inkişafına misilsiz xidmətlər göstərməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayıb. O, BDU-nu Azərbaycan xalqının milli sərvəti, ali məktəblərimizin flaqmanı, elm məbədi adlandırıb.

Ömrünün böyük hissəsinin bu ali təhsil ocağı ilə bağlı olduğunu söyləyən alim 1962-ci ildə universitetin Tarix fakültəsinin məzunu olduğunu, 1986-1990-cı və 1994-2004-cü illərdə dekan işlədiyini, hazırda isə Qədim dünya və orta əsrlər tarixi kafedrasına rəhbərlik etdiyini bildirib. Y.Mahmudov Tarix fakültəsinin 100 illik fəaliyyəti dövründə görkəmli elm xadimləri ilə yanaşı, dövlətin ictimai-siyasi həyatında, dövlət strukturlarında çalışan çoxsaylı məzunlarının olduğunu qeyd edib. O, dünya şöhrətli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olduğunu sonsuz qürur hissi ilə diqqətə çatdırıb.

“Universitetin inkişafında yeni keyfiyyət mərhələsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır” – deyən Y.Mahmudov bildirib ki, sovet rejiminin tətbiq etdiyi bütün qadağalara baxmayaraq, məhz ulu öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoydu.

Alim bildirib ki, 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Qeyd edib ki, dekan olarkən sədri olduğu fakültə Elmi şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. 

Akademik Y.Mahmudov BDU-nun inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi qeyd edib.

Daha sonra BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, tarixçi alimlər Səidə ƏliqızıSəidə QuliyevaSevinc Ruintən və digər çıxış edənlər BDU-nun ali təhsil ocaqları arasında özünə layiqli yer tutduğunu vurğulayıb, universitetlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: