Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2019 14:34
  • A-
  • A
  • A+

“Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb

“Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb

Dekabrın 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb. 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Özbəkistan, Tacikistan və Türkiyədən nümayəndələr iştirak ediblər.

Əvvəlcə Ədəbiyyat İnstitutu tərəfindən şairin yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, məhz bu Sərəncamın icrası istiqamətində respublikamızda və onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilib, o cümlədən AMEA-da Nəsimi ilə bağlı müxtəlif konfranslar, elmi sessiyalar təşkil edilib, şairin əsərləri 11 dildə nəşr olunub və alimlərimiz həmin əsərlərə müqəddimə və şərhlər yazıblar. Akademik İ.Həbibbəyli konfransda xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.

Akademiyanın vitse-prezidenti vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini işıqlandıran bədii film çəkilib, əsərləri ana dilində kütləvi nəşr olunub. Məhz həmin illərdə görülən tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.

“Nəsimi bütün Şərq miqyasında tanınan, ölkəmizin üfüqlərini onun sərhədlərindən uzaqlara apara bilən qüdrətli Azərbaycan şairi və mütəfəkkiridir”, - deyə bildirən akademik İ.Həbibbəyli cari ildə AMEA-da Nəsimi yaradıcılığına həsr olunan 19 kitabın çap edildiyini, daha bir neçə əsərin nəşrinin isə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edib ki, AMEA-nın “Nəsimişünaslığı”nı təşkil edən bu kitablar üçün səciyyəvi cəhətlər Nəsimi fəlsəfəsinin dahi şairin mənsub olduğu xalqın milli-mənəvi dəyərləri ilə birgə təqdim olunmasıdır: “Aparılan son tədqiqatlar fonunda Nəsimi irsini bir daha dəyərləndirmək və onun əzəmətli obrazını yenidən canlandırmaq mümkündür”.

Nəsimi şeiriyyatını Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən əvvəlki dövrün ən böyük ədəbiyyat zirvəsi adlandıran İ.Həbibbəyli qeyd edib ki, kamil insan konsepsiyasının yaradıcısı olan şair öz yaradıcılığında insanın mənəvi cəhətdən təkmilləşməsini cəmiyyətin inkişafının əsası kimi təbliğ edib.

Böyük mütəfəkkirin ideyalarının müasir dövrdə də davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti yeni nəsillərin insanın mənəvi kamilləşməsi istiqamətində tərbiyə edilməsində Nəsimi irsinin xüsusi rolunu qeyd edib. O, ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin ifadəsi olduğunu diqqətə çatdırıb.

Sonda İ.Həbibbəyli bu gün keçirilən konfansın 2019-cu il ərzində AMEA-da Nəsimi irsinin tədqiqi və təbliği ilə bağlı görülən işlərin yekunu olduğunu vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək bildirib ki, Nəsimi Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, bütün dünya ədəbiyyatının ən cəsarətli şairlərindən biri hesab edilir. Bu dahi insan yaşadığı bütün əzab-əziyyətlərə rəğmən, yenilməz bir şəxsiyyət kimi öz yolundan dönməmiş, həqiqət carçısı kimi ədəbiyyat tarixində dərin izlər qoymuş, dilimizin tarixində ən uca zirvələri fəth etmişdir.

Azərbaycan xalqının Nəsimi şəxsiyyəti və yaradıcılığına hər zaman yüksək qiymət verdiyini deyən alim şəhərin mərkəzi küçəsində dahi şairin heykəlinin ucaldıldığını, Nəsiminin bir neçə şeiri əsasında musiqi əsərlərinin yazıldığını, böyük rəssamlarımız tərəfindən onun yaradıcılığı ilə bağlı rəsm əsərlərinin çəkildiyini diqqətə çatdırıb.

R.Hüseynov dahi mütəfəkkirin yaradıcılığının ilk dəfə 1926-cı ildə ədəbiyyatşünas alim Salman Mümtaz tərəfindən geniş şəkildə Azərbaycan oxucusuna təqdim edildiyini qeyd edib. Bildirib ki, S.Mümtaz Nəsiminin şeirlərini ayrıca kitab halında nəşr etdirmiş, eyni zamanda orta əsrlərdə Nəsiminin şeirlərinə çəkilmiş 20-yə yaxın miniaturü əldə edərək həmin kitaba daxil etmişdir. Əlavə edib ki, nəsimişünaslığın böyük yolu məhz S.Mümtazın araşdırmaları və ilk nəşrindən başlamışdır.

Alimin sözlərinə görə, Nəsimi dünyanın ən böyük elm, mədəniyyət və təhsil təşkilatı olan UNESCO tərəfindən yubileyi üç dəfə qeyd olunmuş yeganə Azərbaycan şairidir. Nəsiminin 650 illik yubileyinin ölkədə yüksək səviyyədə qeyd olunması ədəbi və mədəni hadisə olmaqla yanaşı, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Bu gün Nəsiminin əsərləri dünyanın müxtəlif dillərində nəşr edilirsə, bu elə həm də Azərbaycan dövlətinin siyasi anlamda təbliği deməkdir.

R.Hüseynov tarix boyu müxtəlif tədqiqatçılar tərəfindən görkəmli şairin Şamaxı, Bakı və Təbriz, Gəncə və Dərbənddə anadan olmasına dair mülahizələrin irəli sürüldüyünü, lakin əsl həqiqətlərin üzə çıxması və dünyaya çatdırılmasında ümummilli lider H.Əliyevin əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndərin qətiyyəti sayəsində Nəsiminin Azərbaycan şairi olması məntiqi dəlillərlə sübut olunub.

Akademik R.Hüseynov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında ölkəmizin bütün regionlarında ümumilikdə 650 min ağacın əkilməsini yüksək qiymətləndirib, əkilən ağacların Nəsimi fəlsəfəsi kimi uzun illər yaşayacağına əminliyini ifadə edib.

Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nəsimi irsinin tədqiqi və müasirlik” mövzusunda çıxış edib. O, dövlət başçısı tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasını ölkəmizdə mədəniyyət, şeir, sənət və onların inkişafına böyük diqqətin təzahürü kimi dəyərləndirib: ““Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın inkişafına, şairin ideallarının təbliğinə böyük təkan verib, yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırıb”.

Akademik G.Baxşəliyeva qeyd edib ki, Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış Azərbaycan şairidir. Onun yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, ədalətsizliyə qarşı son damla qanına kimi vuruşması xalqımıza, ilk növbədə, gənc nəslimizə hər zaman örnəkdir.

Tədbirdə Özbəkistan Elmər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı, fil.ü.f.d. Erqaş Oçilov, Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, fil.ü.f.d. Ruxşona Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Ariz Gözəlov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Əzizova və başqaları Nəsiminin yaradıcılığından söz açıb, dahi şairin zəngin irsinin Azərbaycan xalqının bədii-fəlsəfi fikir tarixində müsbət rol oynadığını qeyd ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: