Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.12.2019 09:11
  • A-
  • A
  • A+

“Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cildliyinin təqdimatı olub

“Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 12 cildliyinin təqdimatı olub

Dekabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” - Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.

Azərbaycan Bəstəkarlar İttifaqının və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrol Cavidin çətin və məşəqqətli həyat yolundan danışıb. Bildirib ki, Ərtoğrol Cavid qısa ömür yaşamasına baxmayaraq, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. O, Cavidlər ailəsinin başına gətirilənlərə, dövrün çətinliklərinə rəğmən təhsil alıb, yazıb-yaradıb. Fiziki həyatı qısa olan Ərtoğrol Cavidin yaradıcılığı və irsi hər zaman sənətsevərlərin, tədqiqatçıların diqqətini cəlb edib.

F.Əlizadə qeyd edib ki, ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda alan Ərtoğrol Cavid musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində alıb, eyni zamanda, konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. 1938-1942-ci illərdə Bülbülün rəhbərliyi ilə xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışdığı müddətdə o, musiqi folkloru nümunələrini toplanmasında və tədqiqində iştirak edib.

Bildirilib ki, parlaq istedadı ilə seçilməyi bacarmış Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə işıq üzü görən “Musiqi əsərləri” adlı bu kitab “Ərtoğrol Cavidin ömür salnaməsi” silsiləsindəndir. Kitaba bəstəkarın 40-a yaxın musiqi əsəri daxil edilib. Nəşr Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan əlyazmalar əsasında tərtib edilib.

Daha sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, Xalq artisti Tofiq Bakıxanov, Bəstəkarlar İttifaqının məsul katibi, professor Cəmilə Həsənova və başqaları çıxış edərək Ərtoğrol Cavidin Azərbaycanın mədəniyyət tarixindəki rolundan danışıblar. Diqqətə çatdırılıb ki, Ərtoğrol Cavidin professional musiqinin və bədii sənətkarlığın inkişafında özünəməxsus xidmətləri olub. O, əsl sənət nümunələri yaradaraq ədəbiyyat və incəsənət tariximizdə silinməz izlər qoyub.

Tədbir bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: