Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2019 14:38
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzi illik hesabat verib

Respublika Seysmoloji Xidmət Mərkəzi illik hesabat verib

Dekabrın 18-də Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri Bölməsinin iclası keçirilib. 

Bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda Respublika Seysmoloji Xidmət Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair illik hesabatı dinlənilib.

Qurumun cari ildəki hesabatını təqdim edən baş direktor, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli əvvəlcə il ərzində mərkəzə daxil olan rəsmi sənədlərin icra vəziyyətinə dair məlumatları diqqətə çatdırıb.

Hesabat ilində mərkəzdə aparılmış kompleks seysmoloji, geofizki və geokimyəvi tədqiqatlardan və alınmış nəticələrdən danışan Q.Yetirmişli bildirib ki, bu il seysmik stansiyalar tərəfindən 12 914 zəlzələ qeydə alınıb. Litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin də baş verdiyini deyən direktor qeydə alınmış zəlzələlərdən 5298-nin yerli, 6748-nin isə regional olduğunu bildirib. Onun sözlərinə görə, respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə 2019-cu il fevralın 5-də Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5.2 olub.

Q.Yetirmişli cari ildə mərkəzin seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsinin də qeydə alındığını söyləyib. Qeyd edib ki, həmin püskürmənin ikisi (Quşçu vulkanı) fevral ayının 13-də baş verib.

Məruzəçi, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq əlaqələri, kadr potensialının gücləndirilməsi istiqamətində tədris sahəsində həyata keçirilən tədbirlər barədə də məlumat verib.

Hesabat ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Fəxrəddin Qədirov, Pərviz MəmmədovAkif ƏlizadəRamiz Məmmədov və Hətəm Quliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: