Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbir keçirilib.
Azərbaycan əsilli musiqiçi Sami Yusufun Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyanın nümayişi ilə başlayan tədbiri “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Yeganə Mahmudova və Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz giriş sözü ilə açaraq Nəsimi poeziyasının bənzərsizliyindən və “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonra Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması istiqamətindəki fəaliyyətini xüsusi vurğulayan Ş.Hacıyev bildirib ki, 2017-ci ilin mayında Parisdə UNESCO-nun qərargahında şairin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda və Şamaxı şəhərlərində, habelə Moskvada Nəsimi, şeir, incəsənət, mənəviyyat Festivalının keçirilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nəticəsidir.
Tədbirdə Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Qəzənfər Paşayev, Yunis Əmrə İnstitutunun Bakı filialının direktoru Cihan Özdəmir, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Xalq artisti Əbdül Mahmudov çıxış edərək Nəsimini Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri kimi xarakterizə ediblər.
Tədbir bədii hissəsi ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.