Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

17.01.2020 18:19
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub

Geologiya və Geofizika İnstitutunda akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub

AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi şuranın görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr olunan genişləndirilmiş iclası keçirilib.

Tədbiri giriş sözü ilə GGİ-nin direktoru, akademik Akif Əlizadə açaraq görkəmli alimin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft sənayesinin inkişafına mühüm töhfələr verib. O, hələ “Əsrin müqaviləsi” bağlanmazdan öncə Azərbaycanda neft ehtiyatının real miqdarını doğru söyləyib, xarici sərmayəçilərin diqqətini bu məsələyə cəlb edə bilib, həmçinin 20-dən çox neft və qaz yatağının kəşfində və istismara verilməsində fəal iştirak edib. Qeyd olunub ki, X.Yusifzadə müstəqil Azərbaycan dövlətinin inkişafının reallaşmasını təmin edənlərdən olduğu üçün onun əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib.

Sonra institutun şöbə müdiri, professor Adil Əliyevin akademik X.Yusifzadənin həyat yolu və elmi-istehsalat fəaliyyəti haqqında məruzəsi dinlənilib. Bildirilib ki, Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Tədbirdə GGİ-nin əməkdaşları geoloq alimi 90 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayıblar.

Daha sonra yubilyar çıxış edərək həyat və fəaliyyətinin maraqlı, eyni zamanda məsul anlarından danışıb. X.Yusifzadə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ona göstərdiyi böyük dəstək, ehtiram və qayğıdan söz açıb.

İclasda, həmçinin 2020-2025-ci illər üçün prioritet istiqamətlər üzrə elmi-tədqiqat işlərinin proqramları müzakirə olunub.

Sonda akademik Fəxrəddin Qədirovun “Xəzər dənizi səviyyəsinin dəyişilməsinin iqlim – seysmogeodinamik inteqre modeli”, AMEA-nın  müxbir üzvü Tələt Kəngərlinin “Şərqi Qafqaz və Xəzər çökəkliyi hüdudlarında struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və qırılma tektonikası modellərinin işlənib hazırlanması” mövzusunda məruzələri dinlənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: