Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında Mövlanə Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunmuş “Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirildi.
Öncə foyedə böyük Şərq mütəfəkkiri Əbdürrəhman Caminin Azərbaycan, tacik, ingilis və rus dillərində çap olunmuş kitablarının sərgisi nümayiş etdirildi.
AMEA və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Fərhad Rəhimovun təbrik məktubları oxundu.
Təbriklərdə hər iki ölkənin elmi-mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdirildiyi vurğulandı, beynəlxalq tədbirin işinə uğurlar arzulandı.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iki ölkə arasında dostluq və elmi müstəvidə əlaqələrdən danışdı, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini bildirdi. Bu yaxınlarda iki ölkə akademiyası arasında elm sahəsində əməkdaşlıq üzrə birgə layihələrə start veriləcəyini diqqətə çatdıran akademik bu sahədə AMEA prezidenti, akademik Akif Əlizadənin fəaliyyətinin əsas hədəflərindən söz açdı.
Akademik İsa Həbibbəyli təkcə Şərqdə deyil, bütün dünyada tanınan Əbdürrəhman Caminin həyat və yardıcılığı haqqında ətraflı məlumat verərək dahi mütəfəkkirin tanınmış əsərlərini geniş şərh etdi. Bildirdi ki, Ə.Caminin irsi tərəqqipərvər bəşəriyyət tərəfindən yüksək qiymətləndirilir. Hazırda dünyanın hər yerində onun əsərləri tərcümə edilir və nəşr olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında bir sıra dünya klassikləri sırasında Caminin də əsərlərinin latın qrafikalı əlifba ilə çap edilərək ölkə kitabxanalarına hədiyyə olunmasını iki ölkə arasında mövcud mədəni əlaqələrin göstəricisi kimi qiymətləndirən akademik İsa Həbibbəyli Azərbaycanda dahi söz sahibinin əsərlərinin mütəmadi olaraq çap olunduğunu, bu sahədə elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırdı.
Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoxir Saidov beynəlxalq tədbirin keçirilməsinə görə ölkə Prezidentinə, o cümlədən AMEA rəhbərliyinə minnətdarlığını bildirdi, iki ölkə arasındakı elmi-mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi. Səfir bu gün Tacikistan Respublikasında dünya söz xəzinəsinə əbədi irs qoymuş dahi mütəfəkkir Əbdürrəhman Caminin adının əbədiləşdirildiyini, əsərlərinin müxtəlif dillərə tərcümə edilərək təbliğ olunduğunu bildirdi.
YUNESCO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva təmsil etdiyi beynəlxalq qurum tərəfindən qeyri-maddi mədəni irs sahəsində görülən işlərdən danışdı, bu sahədə Heydər Əliyev Fondunun yaxından iştirakını xüsusi vurğuladı. O, Əbdürrəhman Caminin yaradıcılığının beynəlxalq aləmdə geniş təbliğ olunduğunu diqqətə çatdırdı.
Sonra elektron akt zalında Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovla videobağlantı yaradıldı.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakainin və Tacikistan EA-nın müxbir üzvü, professor Mirzo Mulloanmadovun “Əbdürrəhman Cami – misilsiz humanist”, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Nizami Gəncəvi və Cami” mövzusunda məruzələri dinlənildi. Məruzələrdə Şərqin böyük dühası, tacik-fars ədəbiyyatının misilsiz nümayəndəsi Əbdürrəhman Caminin yaradıcılıq məziyyətlərindən söhbət açıldı, əsərləri elmi-tədqiqat nöqteyi-nəzərindən təhlil edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.