AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) 2020-ci ilin yanvar ayında dünyada baş vermiş güclü zəlzələlərlə bağlı ekspress-müzakirə keçirilib.
Tədbiri müəssisənin direktoru, akademik Akif Əlizadə açaraq 2020-ci il yanvarın 24-də Elazığ şəhərində dağıntılar və böyük insan itkisi ilə müşayiət olunan 6,8 bal gücündə zəlzələnin baş verdiyini söyləyib. O, təbii fəlakətin səbəblərinin mütəxəssislər tərəfindən müzakirə edilməsinin və bu istiqamətdə tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Sonra GGİ-nin şöbə müdiri, akademik Fəxrəddin Qədirov Elazığ zəlzələsinin tektonik və geodinamik analizini təqdim edib. Bildirib ki, 1998-ci ildən etibarən Azərbaycanın da daxil olduğu 26 dövlətin alimlərinin iştirakı ilə Aralıq dənizi ölkələrinin seysmik aktivliyi GPS məlumatları əsasında müşahidə edilir.
Türkiyənin zəlzələ xəritəsini nümayiş etdirən F.Qədirov Elazığdakı təbii fəlakətin Malatya və digər yaxın şəhərlərdə güclü hiss olunduğunu bildirib. Alim aktiv, inkişafda olan qırılmaların bu gün də qeydə alındığını və hazırda sözügedən ərazilərdə mütəmadi yeraltı təkanların baş verdiyini söyləyib.
Seminarda, həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək Elazığ və ətraf şəhərlərin Şərqi Anadolu qırılması üzərində yerləşdiyini, bu bölgədə dəfələrlə maqnitudası 5-dən yuxarı zəlzələlərin olduğunu bildirib.
Ötən ay seysmik aktivliyin yüksək olduğunu deyən alim həmin dövrdə dünya miqyasında 5 baldan güclü 165 yeraltı təkanın baş verdiyini diqqətə çatdırıb. Q.Yetirmişli yanvar ayında Azərbaycanda 3 baldan aşağı 550-dən çox zəlzələnin müşahidə edildiyini, maqnitudası 3-dən yuxarı olan isə 4 seysmik təkanının qeydə alındığını bildirib. O, tikinti və şəhərsalma zamanı seysmik ballıq qiymətləndirilmənin aparılmasının zəruriliyini vurğulayıb.
Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.