Bu gün AMEA Geologiya və Geofizika İnstitutunda yer elmləri sahəsində növbəti ümumrespublika elmi seminarı keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının əməkdaşı, prof. Çingiz Xəlifəzadə “Qədim hövzələrin paleotemperaturunun təyin edilməsində biogen araqonit və maqneziumlu kalsit geoloji termometr kimi” mövzusunda məruzə ilə çıxış edib. Qədim hövzələrin paleotemperaturunun təyininin Yerin geoloji keçmişinin paleoiqliminin araşdırılmasında müstəsna rol oynadığını söyləyən Ç.Xəlifəzadə keçən əsrdə bu məsələnin həllinin neogen epoxasına kimi kserofit və mezofit bitki qalıqlarının öyrənilməsi əsasında uğurla həyata keçirildiyini bildirib.
Qeyd edib ki, paleotemperatur nərdivanı ilə daha qədim hövzələrə hərəkət etdikdə paleotemperaturun nisbi üsullarla öyrənilməsində əldə edilmiş məlumatların etibarlılıq dərəcəsi xeyli azalmış olur: “Keçən əsrin ortalarında ABŞ geokimyacılarından prof. Yuri və Erşteynin belemnitlərdə oksigenin izotoplarının öyrənilməsi əsasında mezozoy dənizlərinin paleotemperaturunun təyini böyük bir reallığa çevrildi. Bu, geologiya elmində bir inqilab kimi qəbul olundu, çünki söhbət qədim hövzələrin suyunun mütləq temperaturunun təyininin reallığından gedirdi”.
Ç.Xəlifəzadə bildirib ki, onurğasızların skelet qabığında aparılmış tədqiqatlar əsasında onların skelet toxumasında müəyyən olunan maqneziumun miqdarının dəniz suyunun temperaturu ilə əlaqədar olduğu məlum olmuşdur. Adətən biogen araqonitin və yaxud maqneziumlu kalsitin bioloji materiyadan, dəniz suyundan əmələ gəlməsi eyni adlı abiogen mineralların dəniz suyundan çökməsinə nisbətən daha mürəkkəb biogeokimyəvi prosesdir. Çünki burada onurğasızların fizioloji sistemi fəal rol oynayır.
Məruzədə böyük faktiki materiallar əsasında biogen araqonit və maqneziumlu kalsit üzərində paleotemperatur tədqiqatların etibarlılığı sübuta gətirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.