Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.10.2014 00:00
  • A-
  • A
  • A+

Botanika İnstitutunda görkəmli alim Validə Tutayuqun 100 illik yubileyi qeyd edilib

Botanika İnstitutunda görkəmli alim Validə Tutayuqun 100 illik yubileyi qeyd edilib

AMEA Botanika İnstitutunda Azərbaycanın görkəmli alim və ictimai xadimi, Əməkdar Elm Xadimi, akademik Validə Tutayuqun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirlib.

Tədbiri giriş sözü ilə açan AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov alimin şərəfli həyat yolundan, çoxşaxəli fəaliyyətindən, geniş profilli morfoloq və dendroloq alim kimi elmə gətirdiyi yeniliklərdən söz açıb. Bildirib ki, görkəmli alim Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına dəyərli töhfələr verib və kənd təsərrüfatı sahəsində milli elmi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib.

Sonra AMEA Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə “AMEA-nın həqiqi üzvü Validə Tutayuqun elmi-təşkilati fəaliyyəti haqqında” mövzusunda məruzə ilə çıxış edib. V.Tutayuqun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən V.Əlizadə bildirib ki, 130 elmi əsərin, o cümlədən, 4 dərslik və 6 monoqrafiyanın müəllifi olan V.Tutayuqun rəhbərliyi altında 20-dən çox elmlər namizədi və 3 elmlər doktoru hazırlanmışdır.

Qeyd edib ki, V.Tutayuq dəfələrlə Gəncə və Bakı Şəhər Soveti İcrayə Komitəsinin deputatı, Azərbaycan KP-nın IV qurultayın nümayəndəsi və XXI, XXII qurultayda Azərbaycan KP MK üzvü seçilmışdir. 1943-cü ildə “Şərəf nişanı” ordeni, 1941-1945-ci illərdə “Böyük Vətən Müharibəsində fədakar əməyinə görə” medalı, 1955-ci ildə SSRİ Ali Təhsil Nazirliyinin qərarı ilə “B.Miçurinin anadan olmasının 100 illiyi xatirəsinə” yubiley medalı, 1960-cı ildə respublikanın xalq təsərrüfatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Fəxri fərmanla təltif edilib, 1974-cü ildə “Əməkdar elm xadimi” adına layiq görülüb.

“Azərbaycanda botanika elminin inkişafında akademik Validə Tutayuqun xidmətləri” mövzusunda məruzə ilə çıxış edən Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru Eldar Novruzov qeyd edib ki, akademik Validə Tutayuq anatomiyaya dair tədqiqatları ilə Azərbaycanda bitki anatomiyasının əsasını qoymuşdur. O, bitkilərin anatomiyası, morfologiyası, embriologiyası sahəsində fundamental və praktiki əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində araşdırmalar aparmışdır. Onun aldığı nəticələr “Çoxləçəkli çiçəklərin embriologiyası”, “Örtülütoxumlu bitkilərin çoxləçəkliliyinin anatomiyası və morfologiyası”, “Örtülütoxumlu bitkilərin mənbəyi”, “Çiçəklərin teratologiyası” və s. monoqrafiya və əsərlərində öz əksini tapmışdır. Alim 1958-ci ildə Botanika İnstitutunda bitkilərin anatomiyası və morfologiyası adlı laboratoriya yaratmışdır.

Tədbirdə çıxış edən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq genezisi laboratoriyasının müdiri, akademik Məhərrəm Babayev, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin Botanika kafedrasının müdiri, prof. Zaur Hümbətov, Mərkəzi Nəbatat Bağının baş elmi işçisi, b.e.d. Kərəm Əsədov, Botanika İnstitutunun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d. Vüqar Kərimov V.Tutayuqla xatirələrini bölüşüblər, onun görkəmli alim, bacarıqlı təşkilatçı, qayğıkeş rəhbər kimi əvəzsiz rolundan danışıblar.

Tədbirin sonunda V.Tutayuqun ailə üzvləri adından AMEA Fizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının müdiri, prof. Tokay Hüseynov və Ofeliya Qazıyeva çıxış edərək alimin xatirəsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: